Yasamal məhkəməsindən Abel Məhərrəmovun işi ilə bağlı açıqlama
Yasamal rayon məhkəməsi Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq millət vəkili Abel Məhərrəmovla bağlı qərarında sonradan dəyişdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Məhkəmədən verilən məlumatda qeyd edilir ki, iddiaçı Mirzəyev İsmixan Salman oğlunun cavabdehlər Məhərrəmov Abel Məmmədəli oğluna və Ramazanlı Nəbi Əhməd oğlundan 811.000 manat pul tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilib. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Mirzəyev İsmixan Salman oğluna aid edilib.
Hakim Vahid Hacıyevin qəbul etdiyi qətnamə iddiaçı Mirzəyev İsmixan Salman oğlunun, cavabdehlər Məhərrəmov Abel Məmmədəli oğlunun və Ramazanlı Nəbi Əhməd oğlunun nümayəndələri və vəkilləri Əfəndiyev Altay Seid oğlunun iştirakı ilə elan edilib.
Qətnamədən çıxarışlar tərəflərə müvafiq qaydada təqdim edilib, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq əsaslandırılmış qətnamənin 10 gün müddətində tərəflərə təqdim ediləcəyi bildirilib.
İşə baxılması və qətnamənin elan edilməsi məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “AZ-Femida” sistemi vasitəsilə həyata keçirilib və arxivləşdirilməklə mülki işə əlavə edilib.
Yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə 11.06.2021-ci il tarixdə iddiaçı Mirzəyev İsmixan Salman oğlu məhkəməyə dəvət olunub və mülki iş üzrə “AZ-Femida”nın çəkdiyi və arxivləşdirilmiş audio-video yazıya məhkəmə zalında baxış keçirilib və hakimin qətnaməni elan edərkən iddianı rədd etdiyi bildirdiyini təsdiq edib. Bu barədə müvafiq sənədə də imza atıb.
İddiaçı Mirzəyev İsmixan Salman oğlu bildirib ki, qulağı yaxşı eşitmədiyinə görə qətnamə elan edilərkən səhv anlayıb və iddianın təmin edildiyini düşünüb.
Hakimin əvvəlcə iddia təmin etməsi, sonradan rədd etməsinə dair yazılanlar həqiqəti əks etdirmir. Bu tipli yazıların dərc edilməsi ədalət mühakiməsinin nüfuzuna xələl gətirir və hakimlərə qarşı cəmiyyətdə mənfi fikir formalaşdırmasına xidmət edir. Odur ki, kütləvi informasiya vasitələrinin nümayəndələrini dərc olunan xüsusatları tam, hərtərəfli və obyektiv araşdırmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırırıq.