Zakir Həsənov Vətən müharibəsinin başladığı ilk saatlardan danışdı


"Sentyabrın 27-də saat təxminən 5-i keçmişdi ki, düşmənin intensiv şəkildə bizim mövqelərimizi və cəbhəboyu kəndləri atəşə tutması ilə bağlı mənə məruzə olundu. Təbii ki, mən dərhal iş yerinə gəldim və müvafiq tapşırıqlarımı verdim".


Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" TV-yə müsahibəsində deyib.

"Saat 6 radələrində bunlar artıq ağır artilleriyadan atəş açmağa başlamışdılar. Bilirsiniz ki, bizim itkilərimiz də oldu. Dərhal mən Ali Baş Komandana məruzə elədim və Ali Baş Komandandan müvafiq tapşırıqlar aldım. Eləcə də, əks-hücumla "Dəmir yumruq" əməliyyatının həyata keçirilməsi ilə bağlı göstəriş aldım. Beləliklə, Azərbaycan Ordusu əməliyyatlara başladı", - nazir əlavə edib.

Nazir bildirib ki, Azərbaycan zabitinin, Azərbaycan Ordusunun döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələrinin böyük rolu var: "Bizim çoxlu sayda zabitimiz Türkiyənin hərbi məktəblərində təhsil alıb. Bizim təlim mərkəzlərində təlim keçiblər. Bunların hamısının nəticəsi olaraq Azərbaycan Ordusunun hissə və birləşmələri - Azərbaycan əsgəri və Azərbaycan zabiti döyüşlərdə yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirdi. Bunun nəticəsi də göz qabağındadır. Bu gün bütün dünya Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatları dərindən öyrənməkdədir. Bununla bağlı bizə çoxsaylı müraciətlər daxil olub. Amma təbii ki, biz məxfilik məsələlərini nəzərə alaraq öz təcrübəmizi yaxın dostlarla bölüşməyə hazırıq".

Zakir Həsənov qeyd edib ki, ermənilərin əsas ümidi ön xətdə yaratdıqları istehkam qurğularına idi: "Onlar hətta bu istehkamlara müxtəlif adlar da vermişdilər. Bizim hərbçilərin, əsgərlərin qəhrəmanlığı və yüksək səviyyədə peşəkarlığı minalanmış ərazilərdən keçərək ön xəttin yarılmasında böyük rol oynadı".

"Bizim ordu korpuslarının həmlə, kəşfiyyat və tank taborları qısa bir müddətdə çoxsaylı istiqamətdə düşmənin ön xəttini yardı. Bizim ordunun bu sürəti, yüksək peşəkarlığı Ermənistan ordusunda şok yaratdı. Biz bunu da hiss edirdik. Sürətli hücum isə bizim gələcək qələbəmizin təməli qoydu", - nazir əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu