Muğladakı təhlükəli Milas yanğını nəzarətə götürülüb
Türkiyənin Muğla vilayətinin Milas rayonundakı meşə yanğını nəzarətə alınıb.
Bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün twitter səhifəsində yazıb.
Nazir bildirib ki, 11 gündür davam edən Milas yanğınının hazırda tamamilə söndürülməsinə cəhd edilir.
Nazir Milas yanğınını xərçəng xəstəli ilə müqayisə edərək, “xərçəng kimi gözlənilməyən yerlərdən üzə çıxan yanğınla qarşı-qarşıyayıq", - deyə yanğının təhlükəli olduğunu ifadə etmişdi.
Qeyd edək ki, Türkiyənin Meşə və Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Meşə Baş İdarəsi son 14 gündə baş verən yanğınlar haqqında açıqlama yayıb. Bildirilib ki, son 14 gündə 53 vilayətdə 275 meşə yanğınından 272-si nəzarətə alınıb.
B.Pakdemirli isə söndürülməkdə olan Milas yanğını ilə birlikdə bu rəqəmin 273 olduğunu yazıb.