Oğuzda şəhidlərin məzarından əklillər niyə götürülüb? - FOTO


Sosial şəbəkələrdə Oğuz rayonunda Vətən müharibəsi şəhidlərinin məzarları üzərindən əklil və bəzəklərin götürülərək dərəyə atılmasını əks etdirən görüntülər yayılıb.


Oğuzdan olan şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev tərəfindən çəkilən görüntülər rayonun Şəhidlər xiyabanında qeydə alınıb. İddia olunur ki, əklillər Oğuz RİH başçısının birinci müavini Etibar Yusubovun tapşırığına əsasən atılıb. Şəhid valideyni hətta bayraqların belə götürülərək atıldığını bildirib.

Məsələ ilə bağlı adı hallanan Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Etibar Yusubovla əlaqə saxladıq. O, əklillərin şəhid məzarlarının üstündən götürülərək atıldığını təsdiqləsə də, bunun onun tapşırığı ilə edilmədiyini bildirib: “Hazırda Oğuz Şəhidlər xiyabanında təmir işləri aparılır. Təxminən bir həftə əvvəl icra başçısı da təmirlə tanış olmaq üçün əraziyə gedib. Orada iki sıra məzarlar var, görüb ki, bir cərgənin gülləri kənara tullanıb. Mənə dərhal zəng etdi və güllərin atılmasından xəbərdar olub-olmadığımı soruşdu.

Mən də xəbərsiz olduğumu bildirdim. Tapşırdı ki, güllər ərazidən götürülsün. Görünür, orada iş görənlər, məzarları “şlifovka” edəndə toz basıb deyə götürüb kənara qoyublar. Biz də həmin gülləri ərazidən götürdük və yaxınlıqdakı məktəbdə bir sinif otağı ayıraraq ora yerləşdirdik. Hazırda təmir işləri gedir və təmir bitəndən sonra nə qərar verilsə, elə də ediləcək. Biz kimdən soruşuruq deyirlər, oranı təmizləyəndə ərazidə bayraq görməmişik”.

E.Yusubov həmçinin bildirib ki, xiyabanda təmiri Hafiz adlı iş adamı aparır. Az vaxt ərzində ərazidəki təmir işlərinin tamamilə yekunlaşacağı gözlənilir: “Təmirdən sonra Şəhidlər xiyabanının yenidən açılışı olacaq. Yəqin ki, rəhbərliyin göstərişi əsasında yeni güllər alınacaq. Çünki inanmıram ki, tozun içərisində olan güllər yenidən ora qoyulsun”. (Qafqazinfo)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu