Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq - Festival başlayır
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür.
1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Bu gün həm də uzun illər sonra ilk dəfə dahi bəstəkarın doğum günü Şuşada qeyd olunacaq. Belə ki, 18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub.
Builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək.
Sentyabrın 18-də Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.
Qeyd edək ki, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. O, dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı (1941), “Lenin Ordeni” və “Qırmızı Əmək Bayrağı” ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub.