Dövlət Komitəsi beynəlxalq təşkilatlara müraciət ünvanlayıb


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 27 sentyabr Anım Günü ilə bağlı müraciət yayıb.


Dövlət Komitəsindən AFN-ə verilən məlumata görə, müraciətdə bu il sentyabrın 27-si Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün qarşısını almaq və işğal altında olan torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinin başlanmasının 1 ilinin tamam olduğunu qeyd olunub.

Bildirilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən mübarizə Zəfərlə başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən haqq və şərəf işimiz uğrunda qəhrəmancasına həlak olan əsgər və zabitlərimiz, erməni təxribatları zamanı hədəf alınan mülki vətəndaşlarımızın xatirəsinə böyük ehtiram əlaməti olaraq 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.

Ermənistanın Azərbaycana təcavüzü, ərazi iddiaları, əhalisinə qarşı soyqırımı və hərbi cinayətlərinin tarixi yüzillərə söykənir. Son 30 ilə yaxın müddət ərzində davam etmiş hərbi təcavüz nəticəsində 23.000-dən çox azərbaycanlı həyatını itirmiş, 50.000 insan yaralanmış və ya əlil olmuş, 4.000-ə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir.

Bütün işğal olunmuş ərazilərdə 700.000-dən çox azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır. Eynilə indiki Ermənistan adlanan ərazidə bir zamanlar əksəriyyət təşkil edən azərbaycanlı əhalinin axırıncı 250.000 nəfəri 1980-ci illərin sonunda öz əzəli torpaqlarından qovulmuşdur.

I Qarabağ müharibəsi zamanı 210 uşaq öldürülmüş, 270 uşaq sağlamlığını itirmiş, 92 uşaq girov götürülmüşdür. Həmçinin 3393 uşaq valideynlərindən birini, 120 uşaq isə hər ikisini itirmişdir.

Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığı müddət ərzində Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən biri olmuşdur.

27 sentyabr 2020-ci il tarixində erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində, Azərbaycan ordusunun komandanlığı tərəfindən Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatının başlanılması ilə bağlı qərar verilmişdir.

44 gün ərzində davam edən Vətən Müharibəsində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatları, işğalçı rejimin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12 uşaq amansızcasına qətlə yetirilmiş, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri almış, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirmiş, bir ailə isə tamamilə məhv edilmişdir.

Bununla yanaşı, əhalini dəhşətə salmaq üçün ümumilikdə terror taktikasından geniş istifadə edən Ermənistan dövlətinin Azərbaycanın münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutması nəticəsində 33 qadın həlak olmuş, 74-ü müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Ermənistanın Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçməsi, terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür.

Xüsusilə qeyd etməliyik ki, 10 oktyabr 2020-ci il tarixində, saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq 11 oktyabr gecə saat 2:00 radələrində təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində ağır artilleriya qurğuları və raketlərdən atəşə tutulmuşdur. Lakin, düşmən tərəf bununla kifayətlənməmiş və 17 oktyabr 2020-ci il tarixində, gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə ballistik raket atəşinə tutmuş və hər iki halda xeyli sayda insan təlafatına səbəb olmuşdur.

28 oktyabr 2020-ci il, saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Humanitar atəşkəs rejimi yenidən kobud şəkildə pozulmuş və Bərdə rayonunun mərkəzi, dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazilər “Smerç” yaylım atəşli reaktiv sistemindən hücuma məruz qalmışdır. Əhali arasında yüzlərlə insan yaralanmış, xeyli sayda insan amansızcasına qətlə yetrilmişdir. Bununla yanaşı, düşmən tərəf törətdiyi əməllərlə kifayətlənməmiş davamlı olaraq ballistik raket və ağır artilleriya ilə Mingəçevir, Tərtər, Ağdam, Şəmkir, Naftalan, Ağcabədi, Xızı, Füzuli, Cəbrayıl, Beyləqan və digər yaşayış məntəqələrində də öz müharibə cinayətlərini həyata keçirmək məqsədilə davamlı həmlələr etmişdir.

Şübhəsiz ki, mərmi və raket partlayışları, artilleriya atəşləri, xüsusən də bu hadisələrin məxsusi olaraq gecə saatlarında baş verməsi daha çox insan tələfatına səbəb olmaqla yanaşı dinc əhalidə, ələlxüsus da uşaqlarda psixoloji gərginliklərin, bir ömür boyu davam edəcək narahatlıqların yaşanması ilə nəticələnmişdir.

Azərbaycan torpaqlarına qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, torpaqlarına geri dönməsinin qarşısını almaq üçün “məqsədyönlü” təbdirlər həyata keçirilmişdir. Bu müddət ərzində Ermənistanın işğalına məruz qalan ərazilərdə 900-dən çox yaşayış məntəqəsi, 150 000 ev, 1100 təhsil ocağı və 520 səhiyyə müəssisəsi qarət, talan edilmiş və ərazilərə külli miqdarda minalar basdırılmışdır.

Bugün Ermənistan dəqiq mina xəritələrini vermədən imtina edir. İnsan tələfatını artırmaq məqsədilə minalar təkcə döyüş meydanlarına deyil, eyni zamanda əkin sahələri, məzarlıqlar, həyətyanı sahələr, ictimai və iqtisadi obyektlərə yerləşdirilmişdir. Nəticədə, bu gün Azərbaycan dünyada ərazilərinin mina, tərkibində partlayıcı olan digər qurğularla ən çox çirkləndirilmiş ölkələrdən biri hesab olunur.

Təbii ki, bu da özlüyündə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Hökuməti tərəfindən aparılan bərpa və yenidənqurma işlərinə ciddi maneələr yaratmaqla yanaşı, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz şəkildə qayıtması kimi ayrılmaz hüququnun reallaşdırılmasına mütləq şəkildə öz mənfi təsirini göstərir.

Lakin dövlətimiz, bütün bu çətinliklərə baxmayaraq, münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiyanı əhatə edən yeni mərhələyə qədəm qoymuş və bu yolda əzmlə irəliləməkdədir.

Eyni zamanda, müharibə zamanı Ermənistan dövlətinin işğalçı siyasi əməlləri bununla bitmirdi. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan rəhbərliyi ratifikasiya etdiyi “Uşaq hüquqları haqqında Konvensiya”ya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakultativ Protokoluna məhəl qoymadan 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etmiş, əsgər qismində istifadə olunmalarına razılıq vermişdir.

Yuxarıda göstərilən məqamları, həmçinin beynəlxalq hüquqa uyğun olaraq müdafiə olunan obyektlərə, o cümlədən məktəb və xəstəxanalar kimi adətən çoxlu sayda uşaqlar olan yerlərə bilavasitə hücum hallarını, eləcə də,15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, onların münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin hərbi cinayət qismində təsnif olunduğunu qeyd edərək, bütün beynəlxalq təşkilatları Ermənistan dövləti tərəfindən törədilən qanunsuz əməllərə biganə qalmamağa, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan hərəkətlərinə lazımi hüquqi qiymət verməyə, uşaqların sülh və əmin-amanlıq şəraitində inkişafı və yaşamasının təmin edilməsinə dəstək verməyə çağırırıq.

Müraciət Xarici İşlər Nazirliyi vasitəsilə bütün beynəlxalq təşkilatlara göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu