Qanunsuz parklanmaya görə cərimə yazacaq qurumlar məlum olub
“Parklanma qaydalarının pozulması ilə bağlı cərimələri paytaxda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək”.
AFN.az “Report”a istinadən xəbər verir ki, bunu deputat Kamal Cəfərov parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bölgələrdə isə bu cərimələri Daxili İşlər Nazirliyi tətbiq edəcək.
Qeyd edək ki, bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda qəbul olunub.
Dəyişikliklə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cəimə 10 manatdan 20 manata qaldırılır.
Digər dəyişikliklə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimə 10 manatdan 20 manata çatdırılır.
Digər dəyişikliklə dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə ediləcək.
Dəyişikliklə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsini müvafiq kənarından ikinci və ya sonrakı cərgələrdə qanunsuz olaraq səkilərdə, habelə hərəkət hisslərinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarında 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimələnəcək.
Eyni zamanda, ümumi istifadədə olan nəqliyyat vasitələrinin 1.17, 1.17.1 nişanlanma xətti ilə işarələnmiş dayanacaq meydançasında, həmin meydançanın, belə meydança olmadıqda isə 5.12, 5.13 yol nişanlarının hər iki tərəfindən 15 metrdən az yaxınlıqda, habelə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə ediləcək.
Nəqliyyat vasitəsini 48 saatdan çox parklanma yerində saxlayanlar isə 20 manat cərimə olunacaq.