“Meyit yanırsa, İlkin onu niyə telefonla çəkirdi?!”
2 il öncə Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunaraq həbs edilən İlkin Süleymanovun məhkəməsi davam edir.
“Qafqazinfo” xəbər verir ki, martın 9-da Gəncə Ağır Cinayətlər Məhkəməsində Nərminin əmisi arvadı Nailə Quliyevanın dindirilməsi davam etdirilib. Onun məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadələr arasında ciddi ziddiyyətlər ortaya çıxıb.
Belə ki, N.Quliyeva məhkəmədə bildirib ki, Nərmin itkin düşdüyü gün onlara gəlib. O, uşağın gəldiyi dəqiqəni və əynində hansı paltarlar olduğunu rənginə qədər sadalayıb. Onun sadaladıqları geyimlər isə yandırılmış meyit tapılarkən üstündəki geyimlərlə eyni olub: “Bir gün əvvəl mənim qızımın toyu olmuşdu. Onda yoldaşım qardaşı Arifə öz gödəkçəsini vermişdi ki, toyda geyinsin, əynində köhnə paltar olmasın. Səhəri gün saat 3-ün yarısı olardı, Nərmin gəldi, gödəkçəni verib getdi. Üzbəüzdə qaynımgilə getdi ki, oradan da atasının gödəkçəsini götürüb getsin”.
Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanovun vəkillərinin vəsatəti əsasında Nailə Quliyevanın istintaqdakı ifadələri elan edilib. Həmin ifadələrdə isə tam ziddiyət ortaya çıxıb. Belə ki, həmin ifadədə N.Quliyeva toyun səhəri günü olduğu üçün evdə başının qarışıq olduğunu və Nərmini görmədiyini deyib.
Vəkillər ondan ifadələri arasındakı ziddiyyətlərin səbəbini soruşanda o, istintaqa verdiyi ifadəni müstəntiqin yazdığını, oxumadan imzaladığını bildirib: “Müharibə başlamamışdan (44 günlük Vətən Müharibəsini nəzərdə tutur) 10-15 gün əvvəl Bakıdan 4 maşın adam gəldi. Bizi sorğu-sual etdilər. Yoldaşıma İlkinin telefonundan çıxan videonu göstərdi. Onlar mülki formada idilər. O vaxta qədər məndə İlkinin bu işi görməsi ilə bağlı tərəddüd var idisə, o videodan sonra əminlik yarandı. Meyit yanırsa, onu niyə telefonla çəkir?!”
Bundan başqa Nailə Quliyeva Nərminin meyitinin evdə yuyulmadığını, morqdan hazır vəziyyətdə göndərildiyini bildirib.
Məhkəmədən sonra İlkin Süleymanovun vəkilləri və ailə üzvləri istintaq dövründə materialların yayılması, videonun Nərminin qohumlarına göstərilməsi ilə bağlı araşdırma aparılmasını istəyiblər. Vəkil Zabil Qəhrəmanov jurnalistlərə bildirib ki, istintaq dövründə materialı yaymaq cinayət əməli sayılır: “Videonun Nərminin yaxınlarına göstərilməsi məqsədli şəkildə olub. Məqsəd onları İlkinin qatil olduğuna inandırmaq olub. Nərmin itkin olduğu vaxtda Prezident göstəriş verdi ki, məsələnin üstü açılmalıdır. Bundan iki-üç gün sonra yandırılmış meyit tapıldı, İlkin həbs edilsə də, cəmiyyətdə şübhələr vardı. Nailə Quliyevanın dediyi kimi, onların özü də tərəddüddə idi”.
Məhkəmə prosesi martın 16-da davam etdiriləcək.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.