XİN başçısının müavini: "Sülh danışıqları prosesi 5 bənd əsasında getməlidir"


"Brüssel görüşündən sonra ondan əvvəlki proseslər nəticəsində belə bir əminlik var ki, Ermənistan tərəfi sülh sazişinə aid olan prosesə, eyni zamanda, delimitasiyaya razılığını bildirib. O ki, qaldı Ermənistanın bizim 5 prinsipi qəbul etməsinə, əgər sülh danışıqlarından söhbət aparırıqsa, bu proses 5 bənd əsasında getməlidir".


Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Biz o qənaətdəyik ki, hər hansısa şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, bu, prosesi pozmaq anlamına gəlib çıxır.

Ermənistan tərəfi buna qarşı mövqe sərgiləməyib. Baxmayaraq ki, Ermənistanda müəyyən etirazlar var, müxalifət etiraz edir, hökumətin dəyişdirilməsinə can atır, bununla belə, Ermənistan hökuməti bu prosesdən imtina etməyib. O ki, qaldı işçi qruplarının fəaliyyətinə, kommunikasiyaların açılması ilə əlaqədar işçi qrupların fəaliyyəti Baş nazirlərin müavini səviyyəsində davam etdirilir.

Sülh danışıqlarını başlamaq üçün siyasi iradə, xoşməram, sülh prosesinə sadiqlik tələb olunur. Azərbaycan sülh gündəliyini ortaya qoyub və bu məsələdə israrlıdır və bu istiqamətdəki səyləri dəstəkləyir. Azərbaycan hesab edir ki, müharibə başa çatıb, münaqişə bitib, ərazi bütövlüyünü bərpa edib. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycan və Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşama bərqərar olmalıdır", - o əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu