İsmətlinin "ismətsiz xeybərləri!"


Nihat CƏBRAYIL

Kəndimizin adı İsmətlidir! Zamanında bu kənddə sayılıb seçilən ağsaqqallar olub, məktəbimiz ölkə səviyyəsində yüksək yerlərə layiq görülüb. İndi isə hər şey müəyyən dərəcədə tərsinədir. Bu kənddə bir-birini satan kim, demaqoqluqla məşğul olanlar kim...


Biləsuvar rayonunun üçüncü böyük kəndi sayılır bu məkan. Kəndin əksər əkin sahələri şorandır, verimsizdir, elə lap kəndin bəzi sakinləri kimi. Amma kəndimizdə bir yer var ki, ora bu kəndi tərk etmiş hər kəsə müqəddəsdir, əzizdir. Biz ora öz aramızda peykanlı deyirik. Köhnə Nizami kolxozunun həyətidir ora. Ümumiyyətlə bu kənddə (istisnalar var) müqəddəs heç nə qalmadığından sözünü etdiyim yer lap elə "həcc ziyarəti" kimi bizə əziz olan yerdir. Çox qəribədir, bu yerdə hava fərqlidir ağacların nəfəs alışı fərqlidir, oturub içdiyin şərabın dadı və verdiyi keyf belə fərqlidir. Dostum Xeybər bayaq görüntülü olaraq mənə oturduğu bu məkan haqqında məlumat verirdi. Videoda gözümə ilk görünən susuzluqda çox da boy atmamış, yaşından əvvəl qocalan, kənd sakinləri kimi saralmış qılpın otları, suya həsrət şam ağacları, bir də güya "çox maraqlı" məsələləri müzakirə edən gənclər dəydi. Qəribə hisslər keçirdim. Bədənim gizildədi. "Axı niyə mən orda bir quruşka pivə içə bilmirəm" deyə paxıllıq hissim parıldadı. Qısacası, Xeybər deyir, bir quruşka pivə içib asfalt yolla evə doğru irəliləməyə başladım, küçələr Vaqif Aydınoğlunun soyadından fərqli olaraq zülmətə bürünüb (Vaqif Aydınoğlu "Azərişıq" Mətbuat kitabinin adı-soyadıdır) asfalt yol bitir, ardınca daşlı-tozlu yol ayaqlarımın altında xırıltılı səslər çıxardır, az daha yeridikdən sonra bir neçə saat əvvəl naxırdan kəndə dönərkən yolları pislikləyən mal-qaranın nəcis qoxusu, havada nəm torpaq qoxusu burnumun diriyini dağıtmağa başlayır. Ancaq mən bundan olduqca məmnun idim, hələ suya həsrət su kanallarımızın gölməçələrində quruldayan xoşbəxt qurbağaların qurultusunu demirəm. Bu arada mən daha xoşbəxt idim. Biz, bir sözlə, şoran torpağın şirin adamları olmağın qüruru içində hər gecə yatıb, günəşin doğuşu ilə sanki işimiz-gücümüz varmış kimi sübh tezdən oyanıb "işsizliyimizlə" məşğul oluruq. Bu kənddə yaşanan hər hadisə insanı hər gün bir az daha qocaldır. Adamların əksər məşğuliyyəti mənasız və məzmunsuz məsələlərlə bağlı biri-birilərini polisə və digər qurumlara satmaqla keçir.
Deməli, Kamal Sunalın (Şabanın) bir filmini izləmisiz yəqin. Qapı qonşusu ilə illərlə məhkəmələrdə sürünüllər. Bu çəkişmələri sayəsində məhkəmənin ətrafındakı ticarətçilər yaxşı gəlir əldə edirlər. İndi bizim camaatın etdikləri eynən buna bənzəyir. Bunlar dalaşır, dövlət orqanları bəhrələnir. Nə isə İsmətlinin xeybəri, sabah yenə mənə zəng edənəcən sizlərdən ayrılaram. Sağ qalın xeybərlə qalın.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu