"Azəriqaz" sahibkarı bezdirib: "3 ildir məhkəmə qərarı icra edilmir"


Prezident İlham Əliyev dünən yeni təyin edilən icra başçılarını qəbul edərkən sahibkarlara yaradılan maneələrdən də danışdı. Bildirdi ki, yerlərdə bəzən sahibkarlara qanunsuz tələblər irəli sürülür.


Ölkə başçısının bu çıxışından sonra AFN.az-ın redaksiyasına müraciət edən iş adamı, Sumqayıt şəhərində yerləşən “Zəngəzur” kafesinin icarədarı Orxan Əliyev "Azəriqaz" tərəfindən haqsız yerə incidildiyini bildirib: "Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənabları tərəfindən yeridilən uğurlu siyasətin nəticəsidir ki, ölkədə sahibkarlığın inkişafına geniş imkanlar yaradılıb. Möhtərəm Prezidentimizin sahibkarlara olan diqqət, qayğısından mən də yararlanaraq kiçik sahibkarlıqla məşğul oluram. Əfsuslar olsun ki, bəzi məmurlar sahibkarlara süni maneələr yaratmaq kimi köhnə vərdişlərindən ya əl çəkə bilmir, ya da çəkmək istəmirlər. İcarədarı olduğum Sumqayıt şəhərində yerləşən “Zəngəzur” kafesinə “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən yazılmış 3500 AZN dəyərində olan cərimə aktı Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə silinib. Sumqayıt Apelyasiya Məhkəməsi də qərarın qüvvədə saxlanmasına dair 2(085)-319/2019 saylı Qətnamə qət edib. 3 ildən çox vaxt keçməsinə baxmayaraq, "Azəriqaz" İB məhkəmə qərarını icra etmir".
O.Əliyev bu məsələdə Xətai Rayon İcra və Probasiya şöbəsinin də biganəliyindən şikayətçidir. Onun sözlərinə görə, dəfələrlə etdiyi müraciətlərə İcra və Probasiya şöbəsində baxılmayıblar: "Borc hesabımdan silinmir. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarı “Azəriqaz” İB tərəfindən 3 ildir ki, icra edilmir. Görünür, bəzi məmurlar qəflət yuxusundadırlar. Hələ də Ali Baş Komandanın çıxışlarından xəbərsizdirlər.
Sizdən xahiş edirəm Sumqayıt Appelyasiya Məhkəməsinin 2(085)-319/2019 saylı Qətnaməsini icra etməyən “Azəriqaz” İB tərəfindən sənədin icra edilməsi, bu işdə bütün məsul şəxslər barəsində inzibati tədbir görülməsi üçün köməyinizi əsirgəməyəsiniz".

Məsələ ilə bağlı qurumun mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu