Bir qəbirdə iki nəfər dəfn oluna bilər? - İlahiyyatçıdan açıqlama


Bu gün insanların dəfn olunması qaydaları ətrafında bəzi suallar hələ də cavabsız qalır. Məsələn, dünyasını dəyişən iki yaxın insan eyni qəbirdə basdırıla bilərmi?



Bəzi bölgələrdə bu gün də yaxın insanların eyni qəbirdə dəfn olunması ənənəsinə şahid oluruq. Məsələn, cənub zonasının, xüsusilə də Lənkəranın özünəməxsus dəfn adətləri var.

Belə ki, burada iki yaxın insan ayrı vaxtlarda eyni qəbirdə basdırıla bilər. Amma indiki zəmanədə bu cür dəfnlər yalnız ölən şəxsin vəsiyyəti ilə həyata keçirilir.

Bəs dini baxımdan insanların bir qəbirdə basdırılması hansı şərtlərlə mümkün ola bilər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Müşviq Əskərov bunun doğru olmadığını deyib:

“Kimsə dünyasını dəyişibsə, bir qəbirdə iki ölünün dəfn edilməsi dinimizdə var. Yalnız torpaq problemi varsa, eyni yerə iki meyit dəfn edilə bilər. Amma aradan uzun müddət keçməlidir. Bu müddət keçdikdən sonra sümüklər çıxarılaraq yeni dəfn olunan meyitin ayaq tərəfinə yığılır. Bu proses isə yalnız eyni nəsildən olan yaxın adamlara aiddir.

Dində bununla bağlı heç bir qadağa yoxdur, amma bir daha qeyd edim ki, əgər torpaq qıtlığı varsa, dəfn etməyə yer yoxdursa, bunu etmək olar. Əgər kimsə, “məni anamla eyni yerdə basdırın”, - deyə vəsiyyət edibsə, yaxşı olar ki, yanaşı qəbirlərdə dəfn olunsunlar. Torpaq qıtlığı olarsa, eyni qəbirdə basdırmaq olar. Bu halda da mütləq aradan zaman keçməlidir. Meyitin ətləri çürüyüb qurumalı, sümükləri qalmalıdır. Yalnız bundan sonra qəbir açılıb sümüklər çıxarıla bilər. Eyni qəbirdə iki insan dəfn olunarsa, bu halda mütləq başdaşında hər iki şəxsin adı, soyadı, ata adı qeyd olunmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu