G-20 sammitində GƏRGİN ANLAR - Prezident baş naziri niyə danladı? VİDEO
Noyabrın 14-15-də İndoneziyanın Bali adasında keçirilən G20 ölkələrinin sammitində Kanadanın baş naziri Castin Trüdo ilə Çin dövlət başçısı Xi Jinping arasındakı dialoq dünya gündəmini zəbt edib.
Musavat.com xəbər verir ki, yayılan görüntülərdə Xinin qəzəbli şəkildə Trüdoya xəbərdarlıq etməsi, kanadalı nazirin isə sakitcə onu dinləməsi diqqətdən qaçmır.
Kanada mənbələrinə görə, bir neçə gün əvvəl Trüdo Çinin regional müdaxilələri ilə bağlı Xiyə "ciddi narahatlığını" ifadə edib. Bu məsələnin mətbuatda əks olunması Çin liderini əsəbiləşdirib.
Qəzəbini gizlətməyə çalışan Xi Trüdoya deyib:
"Dünən danışdığımız hər şey mətbuata sızıb! Bizdə vəziyyət belə deyil. Bizim hesabat sistemimizdə media yoxdur. Səmimiyyət varsa, biz qarşılıqlı hörmətlə yaxşı ünsiyyət qura bilərik, əks halda nəticəni söyləmək asan olmayacaq”.
Kanadanın baş naziri bu sözlər qarşısında təəccübünü gizlədə bilməyib:
"Biz səhvlər baş versə belə, azad, açıq və səmimi dialoqa inanırıq və buna davam edəcəyik. Razılaşmaya bilərik, lakin konstruktiv şəkildə birlikdə işləməyə davam edə bilərik".
Sərbəst və açıq çıxışlarından sonra Trüdonun sözünü kəsən Xi "danışmazdan əvvəl şərtləri təyin edək" deyib. Əsəbi Çin prezidenti kanadalı nazirin əlini sıxıb və oradan uzaqlaşıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Xi ilə bir araya gələn Trüdo mətbuat konfransında açıqlayıb ki, görüşdə Kanada vətəndaşlarına müdaxilə məsələsini gündəmə gətirib.
Baş nazir, həmçinin Pekindən maliyyələşən bəzi media orqanlarının seçkilərlə bağlı manipulyasiya xarakterli xəbərlər dərc etdiyini, Çinin “aqressiv oyun” içində olduğunu bildirib.
Bundan başqa, Kanada federal polisinin cümə axşamı yaydığı məlumata görə, onlar Çin tərəfindən qurulan saxta polis məntəqələrini araşdırırlar.
Çin Xarici İşlər Nazirliyi beynəlxalq reaksiyaya səbəb olan görüntülərlə bağlı açıqlama verib.
"Xinin Trüdo ilə söhbəti təhdid deyil. Bu, onlar arasında olan fikir ayrılıqlarının həlli istiqamətində bir addımdır" - açıqlamada bildirilir.