Qarabağın erməni silahlılardan təmizlənməsinə başlanmalıdır - Hərbi ekspert


Son günlər Rusiya və İranın gizli şəkildə Ermənistanı silahlandırması, İrəvandan Xankəndinə hərbi texnikanın daşınması barədə xəbərlər yayılır. Paralel olaraq, həm Ermənistan, həm də Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən Azərbaycan ordusunun Şuşa, Laçın, Kəlbəcər, Ağdam və Tərtər rayonlarındakı mövqelərinin atəşə tutulması halları intensivləşib.



Baş verənləri Bakupost.az -a şərh edən ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, doğrudan da Rusiya sülhməramlı kontingenti ərazidə qalmaqda davam edən erməni silahlıları üçün hərbi texnika və silah-sursat daşımasına şərait yaradır:

"Rusiya sülhməramlılarının təyinatı atəşkəs rejiminə nəzarət etmək və ərazidəki erməni silahlılarını Azərbaycan torpaqlarından çıxarmaqdan ibarət idi. Təəssüf ki, bunların heç biri həyata keçirilmir. Əlavə olaraq, həm Azərbaycan-Ermənistan sərhədində, həm də rusların nəzarətində olan Azərbaycan torpaqlarındakı əsgərlərimizə atəş açılır. Silah və texnika yardımlarının getdikcə artması gələcəkdə Azərbaycan üçün daha böyük problemlər vəd edir”.
Elə bu səbəbdən də ekspert Azərbaycanın preventiv tədbirlər göprməsini zəruri hesab edir:

“Azərbaycan ilk növbədə Laçın dəhlizinə nəzarəti öz əlinə keçirməlidir. Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarətdən tam uzaqlaşdırılmalıdır. Yaxud dəhlizin giriş-çıxışına Türkiyə-Rusiya Monitorinq Mərkəzi nəzarət etməlidir. Ən azı ilkin mərhələ üçün bu, lazımdır. Azərbaycan erməni silahlılarının ərazidən uzaqlaşdırılması üçün bəlli bir müddət - 1 həftə, yaxud 10 gün vaxt verməlidir. Eyni zamanda bəyan edilməlidir ki, həmin müddətdə ərazilərimizi tərk etməyən erməni silahlıları Azərbaycan üçün legitim hədəf olacaq. Verilən vaxt başa çatdıqdan sonra isə erməni silahlıların ərazidən təmizlənməsi prosesinə başlana bilər. Erməni silahlılarının konsentrasiyası müşahidə edildikdə isə Azərbaycan ordusu cəmlənmiş artilleiya atəşi ilə onları və texnikalarını sıradan çıxarmalıdır. Çünki onlar delimitasiya olunmamış sərhəd xəttinə çox yaxınlaşmaqla Azərbaycan ordusunun şəxsi heyətinin həyat və sağlamlığına təhdid yarada bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu