Məhkəmə Gülşənlə bağlı qərar verdi
İstanbul məhkəməsi müğənni Gülşən barəsində qaldırılan iddianı rədd edib.
Musavat.com xəbər verir ki, məhkəmə İmam Hatip Liseyinin tələbəsi Furkan Değirmenci adlı şəxsin sənətçi barəsində açdığı iddia tələbini rədd edib.
Xatırladaq ki, ötən il konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib.
Gülşənin bu sözləri həmin liseydə oxuyanları və məzunlarını, həmçinin dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həştəqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün müğənni həbs olunub. O, daha sonra Ali Məhkəməyə müraciət edib. Gülşənin həbsi cəmiyyətdə etirazla qarşılanıb. Onun bir çox sənət dostu paylaşım edərək azadlığa buraxılmasını istəyib.
İmam Hatip Liseyinin məzunu Furkan Değirmenci özünü təhqir olunmuş hesab etdiyini deyərək, məhkəməyə müraciət edib, sənətçinin 3 il həbsini və 1500 lirə təzminat tələb etmişdi. Gülşənin vəkilləri Altın Mimir və Emek Emre iddiaya cavab verərək, hadisənin iddiaçı Furkan Değirmenci ilə heç bir əlaqəsi olmadığını bildirərək, işin dayandırılmasını tələb ediblər. Məhkəmə “Hadisənin iddiaçı ilə heç bir əlaqəsi yoxdur” deyərək Değirmencinin iddiasını rədd edib.
Qeyd edək ki, müğənni Gülşən Yeni il gecəsi İzmirdə sərbəst buraxılıb. Bunun ardınca sənətçi böyük konsert təşkil edib.