DOST-a zəng mümkün deyilsə, müştəri məmnuniyyəti nə ilə ölçülür? - ekspertdən ƏƏSMN-ə ETİRAZ


İqtisadçı ekspert Samir Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və nazirliyin qurumlarından narazıdır.


AFN.az xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında yazan S.Əliyev bildirib ki, atasının ölümündən 2 aya yaxın çox vaxt keçsə də, hələ dəfn pulunu ala bilməyib: "142 çağrı mərkəzinə zəng vurub dəfn pulunun ödənilməsində yaranmış ləngimənin səbəbini sorşuram. Xanım cavab verir ki, DOST-a müraciətdən sonra 15 iş günü ərzində cavab veriləcək. Xatırladıram ki, müraciətimin üstündən 3 həftə (16 iş günü) keçib. Növbəti cavab belə olur ki, yəqin 30 günlük icraata götürülüb. Sual verirəm ki, bu nə çətin bir işdir ki, 15 iş günü azlıq etdi, keçiblər 30 iş gününə? Cavab belə olur ki, bilmirəm, DOST-a müraciət edin. DOST-la necə əlaqə saxlamağı soruşanda isə cavab məni şoka saldı. Məlum oldu ki, DOST-a zəng etmək mümkün deyil. Bunun üçün Mərkəzin özünə təşrif buyurmaq lazımdır. Təsəvvür edirsiz bu nə deməkdir?"
Ekspert qeyd edib ki, dəfn pulunu aldıqdan sonra lazımsız prosedurlar barədə ayrıca yazacaq. Bu başqa mövzudur, amma ƏƏSM-in çağrı mərkəzindən verilən cavab sadəcə biabırçılıqdır: " Yəni DOST-a zəng vurmaq üçün 142 çağrı mərkəzini yığmalısan, onlar da sənə deyir ki, özün getməlisən mərkəzə. Üstəgəl, əlavə 30 gündə nəyi yoxlayırlar?
DOST-dan söz düşmüşkən, Mərkəzin saytında vətəndaşların məmnunluq səviyyəsi 98,43% göstərilib. Mənim fikrim də götürülüb və əminəm ki, mənim cavabım da 98,43% içindədir. Əslində məmnunluq səviyyəsi 100% olmalıdır. Çünki içəri girəndə adamı az qala VİP müştəri kimi qarşılayırlar. Ancaq nə olsun? Əgər mənim müraciətim müsbət cavablandırılmırsa və ya gec cavablandırılırsa, bu keyfiyyətin nə əhəmiyyəti qalır? Əgər sən get-gələ düşürsənsə, bunun səbəbini sorğu aparanlar qanunlarda görürsə, bu halda hansı məmnuniyyətdən söhbət gedə bilər? Mən DOST-a zəng vura bilmirəmsə, hər xırda məsələ üçün işimi atıb mərkəzə getməliyəmsə, bu halda məmnuniyyət nə ilə ölçülür?"
S.Əliyevə poçt şöbəsində bildirilib ki, dəfn pulları ümumiyyətlə gəlməyib: "Çünki xalq arasında deyildiyi kimi büdcə açılmayıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu