"Toyota" avtomobil zavodu Rusiyanın dövlət mülkiyyətinə keçdi
Yaponiyanın "Toyota" konserninin Sankt-Peterburqdakı avtomobil zavodu ("Toyota Motor" MMC) Rusiya Federasiyasının mülkiyyətinə keçib.
AFNaz "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Toyota Motor" MMC Rusiya Sənaye Nazirliyinin tabeliyində olan "NAMI" Federal Dövlət Unitar Müəssisəsinin təhvil verilməsi yolu ilə Rusiyanın dövlət mülkiyyətinə keçib" - deyə məlumatda bildirilir. Bağlanan müqavilə fabrik binasının, avadanlıqların və torpaq sahəsinin mülkiyyət hüququnun tam təhvil verilməsini nəzərdə tutur.
Zavodda istehsalın tezliklə bərpası üçün mümkün variantlar üzərində iş aparıldığını açıqlayan nazirlik sövdələşmənin təfərrüatları haqda məlumat verməyib.
Sənaye və Ticarət Nazirliyinin Rusiya Federasiyasını tərk edən Yaponiya avtomobil istehsalçısı "Toyota"nın Rusiya aktivlərinin NAMI-nin xeyrinə verilməsi məsələsi üzərində işləməsi faktını baş nazirin müavini Denis Manturov bir neçə gün əvvəl açıqlamışdı.
Toyota ötən ilin sentyabrında "Rav-4" və "Camry" modellərinin istehsal edildiyi Sankt-Peterburqda 2007-ci ildə təqdim edilən zavodunda istehsalı dayandırdığını elan etmişdi. Şirkət Rusiyada “Toyota” və “Lexus” avtomobillərinin satışdan sonrakı xidmətini, həmçinin diler şəbəkəsinə dəstək göstərəcəyini vəd edib. Konsern öz hesabatında Rusiyada hasilatın dayandırılması ilə bağlı xərcləri 97 milyard yen (650 milyon dollardan çox) qiymətləndirib.
Sənaye və Ticarət Nazirliyinin tabeliyində olan FSUE NAMI, xarici avtomobil istehsalçılarının yerli bazardan geri çəkilməsi fonunda Rusiya avtomobil sənayesində aktivlərin birləşdirilməsi üçün dövlət mərkəzinə çevrilib. Qurum xüsusən, "Renaul"dan "AvtoVAZ"-ın nəzarət səhm paketini (67,7%), habelə səhmlərinin 99%-i indi birbaşa "AvtoVAZ"-a məxsus olan Sankt-Peterburq "Nissan" zavodunun ("Nissan Manufacturing Rus" MMC) aktivlərini alıb. NAMI həmçinin "Aurus" lüks avtomobil layihəsində 63,5% paya sahibdir.