Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi
Vergi sahəsində korrupsiya əməlləri törətməkdə təsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə AFN.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsində yol verilən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaq zamanı qeyd olunan idarənin sabiq rəisi Zaur Adilovun Səyyar vergi yoxlamaları şöbəsinin sabiq rəisi Əjdər Əliyevlə qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlaması keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində rüşvət qismində tələb etdiyi 35 min manat məbləğində pul vəsaitinin 12 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.