Əl-Cəzirə: "Ukraynada sülhə nail olmaq üçün Çin və Aİ təhlükəsizlik zəmanəti verməlidir"
Ukraynadakı hərbi münaqişəyə son qoymaq üçün Kiyevə Avropa İttifaqı, Moskvaya isə Çin tərəfindən təhlükəsizlik zəmanəti verilə bilər.
AFN.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat verib.
Məlumatda bildirilir ki, Ukrayna üçün təhlükəsizlik təminatlarını bu münaqişədə iqtisadi maraqlarına toxunan Avropa İttifaqı təklif etməlidir. Kiyev Vaşinqtonla məşğul olmağa üstünlük verə bilər, lakin gec-tez Brüsselin daha etibarlı müttəfiq olduğunu anlayacaq”, - məqalədə qeyd edilib.
Çin Rusiyaya təhlükəsizlik zəmanəti verə bilər. Eyni zamanda, Qərb ölkələri Pekinin iştirakından nə qədər qaçmaq istəsələr də, Çin münaqişənin həllində öz rolunu oynamalıdır.
Mayın 14-də İtaliyanın xarici işlər naziri Antonio Tajani ölkəsinin Ukraynadakı münaqişənin yalnız Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh planı”nın 10 bəndi əsasında həlli məsələsinə baxmağa hazır olduğunu bildirib. Tajani əlavə edib ki, münaqişənin həlli ilə bağlı digər təkliflər Kiyevin məğlubiyyəti demək olacaq.
Fevralda Çin Ukraynadakı vəziyyətin siyasi nizamlanmasına dair mövqe sənədi dərc edib. Əsas məqamlar arasında bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək zərurəti, Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpası, həmçinin gərginliyin daha da artmasının qarşısını almaq çağırışı var.
Rusiya tərəfi bəyan edib ki, Çinin Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planına hörmətlə yanaşır, bu da öz növbəsində Qərbi qıcıqlandırır.
Rusiya və Ukrayna arasında üzbəüz danışıqların sonuncu raundu martın 29-da Türkiyədə baş tutub. Daha sonra rəsmi Kiyev Moskva ilə danışıqlardan imtina edib. Oktyabrın 4-də Ukrayna lideri Vladimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının danışıqların mümkünsüzlüyü ilə bağlı qərarını icra edib.