Dövlət Vergi Xidməti Prezidentin göstərişilə verilən şəhadətnamələri istədiyi an qüvvədən salır - EKSPERT

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz KOBİA-nın verdiyi startap şəhadətnaməsinin 3 illik müddətinin Dövlət Vergi Xidməti tərəfindən vaxtından öncə dayandırılması haqqında məsələ qaldırıb. Ekspertin bu haqda yazısı geniş müzakirələrə səbəb olub.
O.Gündüzün qoyduğu "DVX-nın belə bir səlahiyyəti varmı?" sualı ətrafında müxtəlif rəylər səsləndirilib. AFN.az xəbər verir ki, mütəxəssis yenidən həmin məsələyə qayıdaraq startaplara dəstəklə bağlı startap şəhadətnaməsi mexanizminin bilavasitə Prezidentin göstərişi ilə gündəmə gəldiyini xatırladıb: "Prezident sərəncamı əsasında müvafiq hüquqi proseduralar hazırlanıb ki, ekosistem inkişaf etsin. Bu proses də KOBİA tərəfindən yetərincə şəffaf formada həyata keçirilir. Hətta biz hazırlaşırdıq hökumətə təkliflər verək ki, ötən ilin sonunda Prezident tərəfindən qəbul edilən İKT güzəştləri ilə bağlı olan 10 illik güzəşt periodu startap şəhadətnaməsinə də şamil olunsun. Amma belə bir zamanda, hətta 3 ili tamam olmamış, dövriyyəsini də məhz bu tip üstünlüklərdən istifadə edərək artıran startapın şəhadətnəməsinin DVX tərəfindən qüvvədən salınması xeyli düşündürücüdür. Yəni, bu şəhadətnamələr startaplara 3 il müddətinə məhz dövriyyəni artırmaq, inkişaf etmək və yüksəlmək üçün verilir. DVX isə Vergi Məcəlləsində dövriyyənin artmasından dolayı olan müddəaları tətbiq etməklə startapları dərhal vergiyə cəlb edib".
O.Gündüz vurğulayıb ki, əgər bu qaydada davam edəcəksə, İqtisadiyyat Nazirliyinin KOBİA qurumu tərəfindən verilən şəhadətnamə bu Nazirliyin digər qurumu tərəfindən qüvvədən salınacaqsa, onda ümumuiyyətlə dövlətin bu tip dəstək mexanizmi öz mahiyyətini itirmiş olur: "Güman ki, məhz bu səbəbdən bir çox startaplar artıq şəhadətnamə üçün müraciətə ciddi yanaşmamağı tövsiyə ediblər. Düşünürəm ki, indiki zamanda az sayda olan bu tip dəstək mexanizmlərini nəinki dayandırmaq, əksinə, daha da inkişaf etdirmək doğru olardı. Regionun digər ölkələri, inkişaf etmiş ölkələrdə müqayisədə bizdə bu sahədə görüləcək işlər hədsiz çoxdur. Fikrimcə, İqtidsadiytat Nazirliyi, Prezident Administrasiyasının müvafiq şöbələri bu məsələyə aydınlıq gətirməlidir. Prezidentin bilavasitə təşəbbüsü ilə tətbiq edilməyə başlayan dövlətin dəstək mexanizmləri digər hüquqi aktlara istinad olunmaqla bir anda ləğv edilir. Ortada ciddi maraq toqquşmaları var. Nazirliyin bir qurumu inkişafa dəstək vermək üçün güzəştlər səlahiyyəti verdiyi halda, digər qurumu bu səlahiyyəti bir anda heç edir. Bununla bağlı Vergilər Məcəlləsinə də müvafiq müddəalar daxil etmək doğru olardı".