Makron Fransada etirazlardan dərs aldığını deyib
Fransa prezidenti Emmanuel Makron iyunun 27-də 17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsinə reaksiya olaraq başlayan və ölkədə günlərlə xaosa səbəb olan hadisələrdən ibrət dərsi aldığını, ictimai asayişin təmin edilməsi ilə belə halların aradan qaldırıla biləcəyini bildirib.
Makron müstəqillik tələbləri ilə gündəmə gələn Yeni Kaledoniyanın paytaxtı Numeaya səfəri zamanı TF1 və "France 2" televiziyalarına açıqlama verib.
Fransa prezidenti ölkədə iyunun sonunda başlayan və iyulun ortalarına qədər davam edən etirazlarda talanlara ədalətin cavabının sərt olacağını bildirib.
"Bələdiyyə binalarının, gimnaziyaların və kitabxanaların yandırılmasına səbəb olan bu zorakılıq və talanlardan mənim çıxardığım dərs ictimai asayiş, ictimai asayiş, ictimai asayişdir"- deyə o vurğulayıb. Makron bu prosesdə həll yolu təqdim etmədiyi üçün tez-tez tənqid edilən baş nazir Elisabeth Borne-ə tam etibar etdiyini söyləyib.
Polis qüvvələrinin hisslərini anladığını vurğulayan Makron, "Hər kəs qanuna hörmət etməlidir. Heç kim qanundan üstün deyil" deyib.