Ekvadorda prezidentliyə namizəd öldürülüb


Ekvadorun prezidentliyə namizədi, avqustun 20-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində korrupsiyaya qarşı mövqeyi ilə tanınan Fernando Villavisensio silahlı hücum nəticəsində dünyasını dəyişib.


Onun seçki qərargahının yerli mətbuata verdiyi açıqlamada bildirilir ki, Villavisensio paytaxt Kitoda qatıldığı tədbirdən sonra maşınına minərkən başına atılan üç güllə ilə öldürülüb.

Ekvador Baş Prokuroru sosial media hesabından verdiyi açıqlamada hücumu həyata keçirən şübhəlinin təhlükəsizlik qüvvələri ilə atışmada güllələndiyini və aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildirib.

Hücum nəticəsində bir deputat namizədi və 2 polis əməkdaşı olmaqla 9 nəfərin yaralandığı da vurğulanıb.

Prezident Guillermo Lasso Villavisensionun öldürüldüyünü təsdiqləyərək, prezident seçkilərinə iki həftədən az müddətdə törədilən qətlin arxasında mütəşəkkil cinayətin olduğunu vurğulayıb.

"Sizi əmin edə bilərəm ki, bu cinayət cəzasız qalmayacaq. Mütəşəkkil cinayətkar qruplar həddindən artıq irəli gediblər, lakin onlar qanunun bütün ağırlığını hiss edəcəklər", - deyə Lasso bildirib.

Kito polisinin keçirdiyi əməliyyatlarda hadisə ilə əlaqəsi olduğu ehtimal edilən 6 nəfərin saxlanıldığı bildirilib.

Villavisensio ölümündən əvvəl Ekvadorda fəaliyyət göstərən beynəlxalq mütəşəkkil cinayət qruplarından biri olan Meksikanın "Sinaloa Karteli"nin liderləri də daxil olmaqla, çoxsaylı ölüm təhdidləri aldığını söyləmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu