Şolzla Zelenski arasında görüş keçirilib
Almaniya kansleri Olaf Şolz Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə 30 dəqiqəlik görüş keçirib.
Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.
“Kansler Şolz Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Zelenski ilə görüşüb. 30 dəqiqəlik söhbətdə onlar Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyəti müzakirə ediblər”, - deyə Hebestreit qeyd edib. Eyni zamanda o əlavə edib ki, Zelenski Almaniya hökumətinə hərbi dəstəyə, xüsusən də Ukraynanın artilleriya və hava hücumundan müdafiəsini gücləndirdiyinə görə təşəkkür edib.
Görüş zamanı Şolz Zelenskini Berlinin beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə Kiyevə dəstəyini davam etdirəcəyinə inandırıb.
“Almaniya kansleri Ukrayna ilə davamlı həmrəyliyini təsdiqləyib. O, Almaniyanın Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiyada Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb”, - Hebestreit bildirib. Əlavə edib ki, qarşıdan gələn qışda Ukrayna əhalisinin təchizatını təmin etmək üçün də işlər aparılacaq.
Almaniya kansleri həmçinin bildirib ki, Almaniya Ukraynanın bərpası ilə bağlı növbəti konfransı 2024-cü il iyunun 11-də keçirəcək.