Arxeoloqlar daş dövrü insanlarının taxta tikililər tikdiyinə dair sübutlar aşkar ediblər
Təxminən yarım milyon il əvvələ aid dəlilləri üzə çıxaran arxeoloqların fikrincə, insanlar düşünüldüyündən daha əvvəl ağacdan strukturlar tikiblər.
Zambiyada çayın sahilində tapılan təxminən 500 min illik loglar arxeoloqların qədim insanların həyatı haqqında düşüncələrini dəyişib.
“Nature” jurnalında dərc edilən tapıntılar göstərir ki, daş dövründəki insanlar sığınacaqlara bənzər tikililər inşa ediblər.
"Bu tapıntı bizim ilk əcdadlarımız haqqında düşüncələrimi dəyişdi" - deyə arxeoloq Larri Barham bildirib.
İngiltərədəki Liverpul Universitetindən olan Larri Barham "İnsanlığın Dərin Kökləri" layihəsi çərçivəsində çıxarılan taxtaları araşdırıb. O bildirib ki, bu kəşf qədim insanların sadə, köçəri həyat sürdüyünə dair mövcud inamı dəyişdirə bilər: "Onlar ağacdan yeni və möhtəşəm bir şey düzəldiblər. Ağıllarından, təxəyyüllərindən və bacarıqlarından istifadə edərək, əvvəllər görmədikləri, daha əvvəl heç vaxt olmayan bir şey yaradıblar", - Barham deyib.
Tədqiqatçılar həmçinin qədim taxta alətlər, o cümlədən çubuq tutacaqları aşkar ediblər. Amma onları ən çox həyəcanlandıran bir-birinə düz bucaq altında duran iki taxta parçası olub.
Uelsdəki Aberystuyth Universitetindən arxeoloq professor Geoff Duller tapıntı haqda bunları deyib: "Biri digərinin üstündə dayanır, hər iki taxta parçasının da çentikləri var. Bu çentiklər daş alətlərlə kəsilmiş görünür. Beləcə iki kündə bir-birinə uyğunlaşır və tikinti obyektinə çevrilir".
Daha əhatəli təhlil logların təxminən 476 min il olduğunu təsdiqləyib.
Zambiyadakı Livinqston Muzeyinin tədqiqatçısı Perrice Nkombve "Ağac emalının bu qədər köklü bir ənənə olduğunu bilmək məni heyrətə gətirdi. Anladım ki, biz qeyri-adi bir şey kəşf etmişik" - deyə bildirib.
İndiyə qədər insanların ağacdan istifadəsinə dair sübutlar yalnız odun, çəngəl və nizə kimi alətlərin hazırlanması ilə məhdudlaşır.