Netanyahu Avropa liderlərinə və Zelenskiyə zəng edib
İsrailin baş naziri Benyamin Netanyahu Almaniya, Böyük Britaniya və İtaliya liderlərinə, həmçinin Vladimir Zelenskiyə zəng edib.
Onun ofisindən verilən məlumatda bildirilir ki, Baş nazir Benyamin Netanyahu bu gün Almaniya kansleri Olaf Şolzla danışıb. "O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski, İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunakla müzakirələr aparıb", - deyə ofisdən bildirilib.
Avropa ölkələrinin liderləri və Ukrayna rəhbəri Zelenski İsrailin lazım olduğu qədər özünü müdafiə etmək hüququna qeyd-şərtsiz dəstək ifadə edib.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Antoni Blinken İsrailin ABŞ-dan əlavə hərbi yardım tələb etdiyini bildirmişdi.
Oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endirdiyi məlum olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.