Myanmada daşqınlar səbəbindən didərgin düşənlərin sayı 27 mini keçib
Myanmanın cənubunda musson yağışlarının yaratdığı daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalanların sayı 27 mini keçib.
"Sinxua"nın məlumatına görə, Myanmanın cənubundakı Baqo bölgəsində musson yağışlarının yaratdığı daşqınların təsiri davam edir.
Myanma Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, oktyabrın 8-dən etibarən Baqo çayında suyun səviyyəsi "təhlükə səviyyəsindən" yuxarıdır.
Daşqınlar səbəbindən didərgin düşənlərin sayı indiyədək 27 mini keçib.
Səlahiyyətlilər axtarış-xilasetmə və təxliyyə işlərinin davam etdiyini və köçkünlərin bəzilərinin yaxınlıqdakı 47 düşərgəyə sığındığını bildirib.
Baqo bölgəsindən keçən qatarların hərəkətinin dayandırıldığı bildirilir.
Yerli əhali içməli su və yemək çatışmazlığından şikayətlənir. Hələlik daşqınlar nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Myanma Meteorologiya İdarəsi oktyabrın 9-da kvadrat metrə 200 kiloqram yağıntının düşdüyünü və bunun son 59 ilin ən yüksək səviyyəsi olduğunu açıqlayıb.