Bayden: İsrailin Qəzzanı işğal etməsi böyük səhv olardı


ABŞ prezidenti Co Bayden İsrailin Qəzzanı işğal etməsinin böyük səhv olacağını bildirib.


"CBS News" kanalının "60 dəqiqə" verilişində qonaq olan Bayden İsrailin Qəzzada "müharibə qaydalarına" əməl edəcəyinə inandığını vurğulayaraq, Qəzzanın günahsız xalqının qida, su və dərman vasitələrinə çata biləcəyini bildirib. "İndiki məqamda İsrailin Qəzzanı işğalına dəstək verərdinizmi?" sualına cavab verən ABŞ prezidenti deyib: "Düşünürəm ki, bu, böyük səhv olardı. Məncə, Qəzzada baş verənlər ekstremist HƏMAS-la bağlıdır. Bu, bütün Fələstin xalqını təmsil etmir. İsrailin Qəzzanı işğal etməsi səhv olardı. Amma Hizbullah və HƏMAS kimi ekstremistləri məhv etmək üçün ora girmək lazımdır".

HƏMAS-ın tamamilə məhv edilməli olduğunu, lakin Fələstin rəhbərliyi və dövləti üçün bir yol olması lazım olduğunu deyən Bayden bildirib ki, bu, yol iki dövlətli həll yoludur: "ABŞ-ın onilliklər boyu siyasətidir. İsrailin yanında 5 milyon fələstinli üçün müstəqil bir dövlət yaradılacaq".

ABŞ-ın prioritetlərinin təkcə amerikalı girovları xilas etmək olmadığını ifadə edən Bayden, "Hazırda ən vacib şey bu vəhşiliyə son qoymaq və məsuliyyət daşıyanları cəzalandırmaqdır" - deyə qeyd edib.

ABŞ əsgərlərinin Yaxın Şərqdə müharibəyə cəlb olunma ehtimalı ilə bağlı sualı cavablandıran ABŞ prezidenti "Bunun lazım olduğunu düşünmürəm" deyib. Lakin bununla belə, o, İsrailə lazım olan hər cür dəstəyi verəcəyinə söz verdiyini xatırladıb.

Bayden Qəzzada 2 milyon insan üçün humanitar dəhliz yaradılması ilə bağlı iş aparıldığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu