BMT Təhlükəsizlik Şurasından yenə heç bir nəticə olmadı
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı keçirilən 4-cü iclası da nəticəsiz qalıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi iclasda bir çox ölkələrin nümayəndələri saatlarla müzakirələr aparsalar da, atəşkəsin təmin olunması ilə bağlı heç bir qərar verilməyib.
Sessiyada HƏMAS-ın hücumları ümumən pislənib, Qəzzada baş verən humanitar fəlakətə diqqət çəkilib, İsraildən mülki şəxslərə diqqət yetirməsi istənilib.
BMT Təhlükəsizlik Şurasının Qəzza sessiyasında Türkiyə adından çıxış edən xarici işlər nazirinin müavini Əhməd Yıldız iki dövlətli həllin yeganə yol olduğunu bildirib.
Yıldız, 1967-ci ildən əvvəlki sərhədlərdə, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin həllin əvəzsiz bir parçası olduğunu təkrarlayıb.
Fələstin Xarici İşlər Naziri Riyad Malki bildirib ki, Şuranın bu mövzuda davamlı uğursuzluğu üzrlü deyil. Malki həmçinin qeyd edib ki, atəşkəs münaqişələrin bölgəyə yayılmasının və böyük humanitar fəlakətin qarşısını almaq üçün yeganə yoldur.
İsrailin xarici işlər naziri onların HƏMAS-ın hücumlarına cavablarının mütənasib olduğunu müdafiə edərək, girovların qeyd-şərtsiz azad edilməsini tələb edib.
Şuranın hazırkı sədri Braziliya Qəzzada humanitar vəziyyətin pisləşdiyinə işarə edərək, İsrailin təxliyə əmrinin mülki əhalinin daha çox əziyyət çəkməsinə səbəb olacağını bəyan edib.
ABŞ, İngiltərə və Fransa başda olmaqla Qərb ölkələri yalnız İsraili dinc əhali arasında itkilərin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırıb.
Rusiya və bəzi ölkələr İsrail və HƏMAS-ı eyni dərəcədə məsuliyyətli gördüklərini bildiriblər.
HƏMAS-ın hücumlarının qəbuledilməz olduğunu bildirən Rusiya buna ABŞ-ın regional siyasətlərinin səbəb olduğunu iddia edib.
Çin isə iki dövlətli həll yolunu vurğulayıb və problemin kökünün İsrailin Fələstin ərazilərini illərdir işğal etməsindən qaynaqlandığını bildirib.