Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 140-ı ötüb

Nepalda baş verən zəlzələ nəticəsində azı 143 nəfər ölüb.
Bu barədə ölkə polisi X sosial şəbəkəsində məlumat verib.
Bildirilir ki, hadisə nəticəsində 160 nəfər yaralanıb. Yerli media qeyd edir ki, dağıntıların böyük hissəsi zəlzələ nəticəsində əlaqə kəsilən ucqar dağ yaşayış məntəqələrində baş verib, ona görə də qurbanların sayı arta bilər.
Baş nazir Puşpa Kamal Dahal 105 nəfərin həlak olduğu Cayarkot bölgəsinə səfər edib. Onunla birlikdə bir qrup həkim və hərbçi xilasetmə əməliyyatında iştirak etmək üçün hadisə yerinə gəlib. Qərbi Rukumda da əhəmiyyətli dağıntılar qeydə alınıb.
Cümə günü Nepalın qərbində, episentri Cayarkot rayonu olan zəlzələ baş verib. ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.