Tapança satmaq istədi, polis yaxaladı -
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AFN.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılaraq şöbəyə gətirilib.
Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı 1 ədəd "Makarov" markalı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.