İsrail qüvvələri Livana hücumu simulyasiya edən təlim keçirib
Livanın cənubunda İsraillə Hizbullah arasında qarşıdurmaların davam etdiyi bir vaxtda İsrail qüvvələrinin Livana hücumu imitasiya edən təlim keçirdiyi bildirilib.
“Times of Israel” qəzetinin məlumatına görə, İsrail Ordusunun Şimal Komandanlığının komandanı general-mayor Ori Qordin 228-ci Ehtiyat Briqadanın Livanda hücumu simulyasiya edərək həyata keçirdiyi təlimdə danışıb.
Livan sərhədində Hizbullah ilə qarşıdurmaların daha da böyüməsi ehtimalına hazır olduqlarını bildirən Qordin, "Gələcək hazırlıq və qiymətləndirmələri davam etdirəcək və gücləndirəcəyik" ifadələrini işlədib.
Hazırda Livan sərhədində təhlükəsizliyi təmin etmək üçün on minlərlə əsgərin yerləşdirildiyini bildirən Qordin, indiyə qədər sərhəddə bir çox hədəfi vurduqlarını bildirib.
Qordin qeyd edib ki, sərhəd bölgəsindəki İsrail qüvvələri Hizbullahın imkanlarını aradan qaldırmaq və onları sərhəddən çıxarmaq üçün çalışır.
Təlimdə Livana hücumun simulyasiya edildiyi bildirilsə də, təfərrüatlar verilməyib.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasındakı sərhəddə vaxtaşırı toqquşmalar yaşanır.