Yaponiyada atom elektrik stansiyasında buxar sızması baş verib


Yaponiyanın Fukui prefekturasında yerləşən Takahama Atom Elektrik Stansiyasının turbin hissəsinin boru kəmərlərindən birində buxar sızması baş verib.


Bu barədə "Kansai Electric Power" şirkəti məlumat yayıb.

Hadisə nəticəsində stansiyada və onun ətrafında radiasiya səviyyəsində artım olmadığı vurğulanır. O da qeyd edilir ki, sızıntı stansiyanın fəaliyyətinə birbaşa təsir göstərməyib. Hazırda enerji şirkətinin mütəxəssisləri hadisənin baş vermə səbəblərini araşdırır.

Şirkətdən verilən məlumata görə, sızmanın müəyyən edilməsi və aradan qaldırılması üzrə texniki işlərin aparıldığı müddətdə stansiyanın istehsal etdiyi elektrik enerjisinin həcmi 40% azalacaq.

Fukusima-1 AES-də baş verən qəzadan əvvəl nüvə enerjisi Yaponiyanın enerji balansının təxminən 30%-ni təşkil edirdi. Bundan müvəqqəti olaraq məcburi imtina nəticəsində ölkənin enerji təchizatının əsas yükü istilik stansiyalarının üzərinə düşüb. Elektrik enerjisi bazarında tələb və təklif balansı ilə bağlı yaranmış gərgin vəziyyətlə əlaqədar Yaponiya hakimiyyəti Fukusima-1 qəzasından sonra fəaliyyətini dayandırmış reaktorların yenidən işə salınmasına böyük diqqət yetirir. Hazırda ölkənin 17 atom elektrik stansiyasından 12-si qismən işləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu