21 İsrail əsgərinin öldürüldüyü hücumun təfərrüatları açıqlanıb
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının mərkəzində yerləşən Əl-Maqazi Qaçqınlar Düşərgəsində İsrail hərbi qüvvələrini hədəfə aldıqları və 21 əsgərin öldüyü hücumun təfərrüatlarını açıqlayıb.
Məsələ ilə bağlı Qəssam Briqadalarından yazılı açıqlama verilib.
Qəssam qırıcılarının Meqazi düşərgəsinin şərqində İsrail qüvvələrinin yerləşdiyi evi piyada əleyhinə raketlə hədəfə aldığı bildirilib.
Raket hücumu nəticəsində evin içindəki döyüş sursatları partlayıb və ev partladılıb. Eyni zamanda İsrail qüvvələrinə məxsus tank 105 millimetrlik "Yasin" tank əleyhinə raketlərlə məhv edilib.
Qəssam Briqadalarının bəyanatına görə, qiyamçılar yaxınlıqdakı ərazidə başqa bir qrup İsrail əsgərini də hədəfə alıb və mina sahəsini partladıblar. Hücum zamanı bütün İsrail əsgərləri ölüb və ya yaralanıb.
İsrail Ordusunun sözçüsü Daniel Hagari mətbuat konfransında bildirib ki, Qəzzanın mərkəzi hissələrində, İsrail sərhədinə yaxın ərazidə İsrail qüvvələrinə aid bir tank raket atəşi ilə hədəfə alınıb.