Almaniya Afrika ilə daha sıx əlaqələr istəyir


Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, ölkəsi Rusiya və Çinin təsirinə qarşı çıxmaq üçün siyasi fikir ayrılıqlarına baxmayaraq, Afrika ölkələri ilə əlaqələri daha sıx inkişaf etdirməlidir.


60-cı Münhen Təhlükəsizlik Konfransında çıxış edən Boris Pistorius yeni qlobal çağırışlar qarşısında ümumilikdə Qərbin, xüsusən də Almaniyanın Afrika ölkələrinə münasibətini dəyişməli olduğuna diqqət çəkib. "Keçmişdə xüsusilə Avropadan və ya Qərb dünyasından ölkələrin gəlib Afrikada və başqa yerlərdəki hökumətlərə "biz sizdən daha ağıllıyıq, təcrübəmiz daha çoxdur və biz daha yaxşıyıq" dediyi ilə çox rastlaşmışıq" - deyə o qeyd edib.

“Rusiya və Çinin təsirinə qarşı çıxmaq üçün siyasi fikir ayrılıqlarına baxmayaraq, Afrika ölkələri ilə daha sıx əlaqələr inkişaf etdirməliyik” deyən Pistorius iddia edib ki, əks halda, Rusiya işə qarışacaq və bu, ümumiyyətlə, ölkələrin xeyrinə və ya regionun sabitliyi üçün yaxşı olmayacaq.

Almaniyalı nazir qeyd edib ki, Avropa ölkələrinin Afrika ölkələri ilə sıx dialoqu davam etdirməsi və daha sıx əməkdaşlıq istiqamətində addımlar atması vacibdir.

Prinsip etibarı ilə nifrət və məhv deyil, əməkdaşlıq və dəstək tərəfdarı olduqlarını vurğulayan Pistorius, "Biz hamımızın xeyrinə olan azadlığı və qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə edirik" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu