Britaniyalı milyarder “Mançester Yunayted”in ortaq sahibi oldu
Milyarder Cim Ratkliff “Mançester Yunayted”in ortaq sahibi olub.
Klub bu barədə fevralın 21-də öz saytında rəsmi məlumat yayıb.
Ratkliff Mançester komandasının səhmlərinin 25%-ni alıb. Müqavilə fevralın 16-da tamamlanıb və 1,2 milyard funt sterlinq dəyərindədir.
“Mançester Yunaytedin ortaq sahibi olmaq böyük şərəf və məsuliyyətdir. Sövdələşmənin başa çatması klubu azarkeşlərimiz üçün dünya səviyyəli mühitlə ingilis, Avropa və dünya futbolunun zirvəsinə qaytarmaq üçün səyahətimizin yalnız başlanğıcıdır. Bu gündən etibarən bu məqsədlərə çatmaq üçün işlər sürətlənəcək”, - deyə Ratkliff bildirib.
Əvvəllər klubun səhmlərinin yeganə sahibləri 2005-ci ildə komandanı satın almış Avram və Coel Qleyzer idi. O vaxtdan bəri "qırmızı şeytanlar" beş dəfə İngiltərə Premyer Liqasının, dörd Liqa Kubokunun və altı dəfə İngiltərə Superkubokunun qalibi olub. Onların Çempionlar Liqası və Avropa Liqasında da qələbələri var. Klubun azarkeşləri son bir neçə ildir ki, Qleyzer ailəsinə qarşı kampaniya aparırdılar.