Rusiya Müdafiə Nazirliyi: Ukrayna ərazimizə 58 PUA hücumuna cəhd edib
Ukrayna gecə və səhər saatlarında 58 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum etməyə cəhd edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdən hücumlarla bağlı verilən açıqlamada, “Martın 13-nə keçən gecə və səhər saatlarında Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-lardan istifadə edərək terror hücumu cəhdlərinin qarşısı alınıb” ifadəsi işlədilib.
Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin ümumilikdə 58 PUA hücumuna müqavimət göstərdiyi qeyd edilib və 11 PUA-nın Belqorod bölgəsində, 8-i Bryansk bölgəsində, 29-u Voronej bölgəsində, 8-i Kursk bölgəsində,1-i Leninqrad vilayətində və 1-i Ryazan vilayətində məhv edildiyi paylaşılıb.