Yair Lapid ifrat sağçı nazirlərlə eyni hökumətdə iştirak etməyəcəyini bildirib
İsrailin əsas müxalifət lideri Yair Lapid ifrat sağçı maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin daxil olduğu hökumətdə iştirak etməyəcəyini və bu adların İsrail üçün təhlükə yaratdığını bildirib.
İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, müxalifət lideri Lapid baş nazir Benyamin Netanyahunun kabinetində olan Smotriç və Ben-Qviri günahlandırıb.
Maliyyə naziri Smotriç və Milli Təhlükəsizlik Naziri Ben-Qvirin də yer aldığı hökumətdə iştirak etməyəcəyini ifadə edən Lapid, "Bu insanlar dövlət və İsrail xalqı üçün təhlükə yaradır" - deyə vurğulayıb.
Lapid həmçinin hər cür güzəştə getməyə və Qəzzada israilli məhbusların azad edilməsini təmin edəcək razılaşmanın əldə olunmasına dəstək verməyə hazır olduğunu bir daha vurğulayıb.