İspaniyanın müdafiə naziri müharibə təhlükəsi barədə xəbərdarlıq etdi
İspaniyanın müdafiə naziri Marqarita Robles martın 17-də dərc olunan “La Vanguardia” qəzetinə müsahibəsində Avropada “ümumi və mütləq” müharibə təhlükəsi barədə xəbərdarlıq edib.
“İspan cəmiyyətinə oyanış zəngi göndərmək istərdim, çünki bəzən mənə elə gəlir ki, biz hazırda mövcud olan böyük təhlükədən xəbərsizik. Təhlükə total və mütləqdir. Avropa təhlükənin çox yaxın olduğunu dərk etməlidir. Bu, sadəcə, fərziyyə deyil, bu, reallıqdır”, - deyə nazir bildirib.
Roblesin sözlərinə görə, iki illik münaqişədən sonra cəbhədəki vəziyyət Ukraynanın xeyrinə deyil.
"Düzdür, hamımız keçən yay əks-hücumunun daha uğurlu olacağını düşünürdük" deyə o, vurğulayıb.
Robles təsdiqləyib ki, İspaniya Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbi personal göndərmək ideyasını dəstəkləmir. O qeyd edib ki, ordunun göndərilməsi münaqişənin genişlənməsi və hətta yayılma ehtimalı deməkdir ki, İspaniya da əksər NATO ölkələri kimi nəyin bahasına olursa olsun bundan qaçmağa çalışır, EFE agentliyi əlavə edir.
"Şübhəsiz ki, heç bir ispan qoşunu Ukrayna torpaqlarında olmayacaq"deyə nazir qeyd edib.