Almaniyadan Ukraynaya 500 milyon avroluq yeni yardım paketi


Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Ukraynaya 500 milyon avroluq yeni yardım paketi təqdim edəcəyini açıqlayıb.



ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən “20-ci Ukrayna Müdafiə Təmas Qrupu Toplantısı” çərçivəsində jurnalistlərə açıqlamasında Pistorius Rusiyanın Ukraynaya qarşı müharibəsinin 755 gündür davam etdiyini xatırladıb.

Ukraynalıların təkcə özlərini, torpaqlarını, müstəqilliklərini və azadlığını müdafiə etmədiklərini ifadə edən Pistorius, "Onlar qüdrətlilərin qanunu deyil, qanunun qüdrətinin uğuru üçün mübarizə aparırlar. Ona görə də ukraynalıları ən çox ehtiyac duydukları məsələlərdə dəstəkləməyə davam edirik" deyə qeyd edib.

Pistorius Almaniyanın Ramşteyn Bazasında keçirilən "Ukrayna Müdafiə Əlaqə Qrupu Toplantısı" çərçivəsində Ukrayna üçün 500 milyon avro dəyərində yardım paketi hazırladığını ifadə edərək, paketə Alman ordusu ehtiyatlarından 10 min artilleriya mərmisinin daxil olduğunu və bunların dərhal çatdırıla biləcəyini bildirib.

Pistorius həmçinin Çexiyanın başlatdığı sursat tədarükü təşəbbüsü çərçivəsində Almaniyanın 180 min top mərmisinin dəyərinin ödənilməsini öz üzərinə götürəcəyini ifadə edib və Almaniyada istehsal olunacaq 100 min top mərmisi üçün sifariş veriləcəyi məlumatını paylaşıb.

Pistorius bu paket çərçivəsində Ukraynaya 100 zirehli piyada maşını və 100 nəqliyyat vasitəsinin də veriləcəyini bildirib.

Pistorius qeyd edib ki, indiyədək təmin edilən sistemlər üçün Ukraynaya ehtiyat hissələri göndərməkdə davam edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu