Meksika Ekvadordan Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etdi
Meksika Kitodakı səfirliyinə basqın edən Ekvadordan Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib və bu ölkənin Birləşmiş Millətlər Təşkilatında (BMT) fəaliyyətinin dayandırılmasını istəyib.
Meksikanın xarici işlər naziri Alicia Barcena mətbuat konfransında Ekvadorun səfirliyə basqınla beynəlxalq hüququn əsas prinsip və normalarını pozduğunu bildirib.
ICJ-ə şikayət etdiklərini və Ekvadorun Meksikadan açıq şəkildə üzr istəyənə qədər BMT üzvlüyünün dayandırılmasını tələb etdiklərini izah edən Barcena, "Beynəlxalq hüquqa baxmayaraq, səfirliyimizin toxunulmazlığı açıq şəkildə pozulub. Diplomatlarımıza hücum edilib. Ekvador etdiklərinə görə mühakimə olunmalıdır" vurğulayıb.
Ekvadorun cəzalandırılmalı olduğunu bildirən Barcena, bu cür basqınların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin Ekvadoru açıq şəkildə qınamasının vacib olduğunu qeyd edib.
Barcena Ekvadorla azad ticarət razılaşması üzrə danışıqları dayandırdıqlarını və ticarət əlaqələrini dayandırmaq qərarına gəldiklərini qeyd edib.
Digər tərəfdən, Meksika prezidenti Andres Manuel Lopez Obrador açıqlamasında belə bir hadisənin bir daha yaşanmaması üçün çalışdıqlarını ifadə edərək, "Bu, təkcə Meksikanın deyil, hər kəsin məsələsidir. Beynəlxalq hüquq təmin edilməli, heç bir ölkənin mülkiyyətinə və səfirliyinə zərər verilməməlidir” deyə qeyd edib.