İran MAQATE-nin 130 müfəttişinin ölkədə işləməsinə icazə verib
MAQATE-nin 130 müfəttişi İranda işləmək üçün icazə alıb.
AFN.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami məlumat verib.
“Biz heç bir MAQATE müfəttişinin İrana gəlməsinə qadağa qoymamışıq, ümumilikdə 130 MAQATE müfəttişinin İrana səfərinə və yoxlama aparmasına icazə verilib”, - deyə "Press TV"-yə açıqlamasında İslami bildirib.
O, İran və MAQATE arasında hərtərəfli təminat sazişi çərçivəsində davam edən əlaqə və dialoqu vurğulayaraq, qeyd edib ki, İranda elan edilməmiş dörd nüvə sahəsindən ikisi ilə bağlı həll edilməmiş mövzular üzrə müzakirələr tamamlansa da, digər iki obyekt üzrə danışıqlar davam edir.
Məhəmməd İslami həmçinin MAQATE-nin baş direktoru Rafael Qrossinin İrana gözlənilən səfərini şərh edib. O, ümidvar olduğunu bildirib ki, danışıqlar mövcud anlaşılmazlıqların aradan qaldırılmasına və İran ilə MAQATE arasında hərtərəfli təminat sazişi çərçivəsində qarşılıqlı fəaliyyəti gücləndirməyə kömək edəcək.