"Tender kralı" ilə vergi idarəsi arasında vergi mübahisəsi
Dövlət satınalmalarında fəal iştirakı ilə tanınan "Griffin-M" MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-ya daxil olan məlumata görə, şirkətin hazırda 55 094, 83 manat vergi borcu var.
Lakin şirkət bu məbləğlə razılaşmadığı üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib. İddiaya Bakı İnzibati Məhkəməsində baxılacaq. Emin Abdullayev iş üzrə hakim təyin edilib.
"Griffin-M" MMC 11 noyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Abbasov Məhəbbət Əlicabbar oğludur. Məhhəbət Abbasovdan əvvəl şirkəti atası Əlicabbar Abbasov təmsil edib.
"Griffin-M" MMC yeni şirkət olmasına baxmayaraq, 2023-2024-cü illərdə 5 satınalma müsabiqəsinin qalibi seçilib. Bu müsabiqələrdə qiymət təkliflərinin ümumi dəyəri 585 969, 35 manatdır.