Yaponiyada 6 bal gücündə zəlzələ baş verdi - 5 bina uçdu

Yaponiyanın qərbindəki İşikava prefekturasında 6 bal gücündə zəlzələ baş verib. Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub. Bölgədəki atom elektrik stansiyalarında hər hansı anormallıq aşkar edilməyib.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi məlumata görə, Noto yarımadasının şimal-şərq sahilində, İşikavanın Suzu şəhərində 6 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 06.31-də 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Yerli vaxtla saat 06.40-da həmin bölgədə 4,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
İşikava əyalət qubernatorluğundan verilən məlumata görə, zəlzələlər zamanı Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub.
Yerli hökumət qurumlarının məlumatına görə, zəlzələlər nəticəsində ölən olmayıb.
Yeraltı təkanlar İşikava və ətraf prefekturalarda, o cümlədən yaxınlıqdakı Fukui və Niiqatada hiss olunub.
İşikavadakı Şika Atom Elektrik Stansiyasında və Niiqatadakı Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasında hər hansı anormallıq aşkar edilməyib.