ADY rəsmiləri daxili marşrutların bərpası ilə bağlı suallardan yayınırlar - EKSPERT

"ADY rəhbəri Rövşən Rüstəmov xeyli dinamikdir, beynəlxalq səfərlərdədir, müxtəlif görüşlər keçirir. Çindən sonra Avstriyaya gedib. Son zamanlarda görünən odur ki, ADY yükdaşımalarda və Abşeron ətrafı sərnişindaşımada xeyli irəliləyiş edib".
AFN.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib. O, qeyd edib ki, sektorda bir xeyli səliqə-sahman yaradılıb: "Anlaşılandır ki əsas pullar yükdaşımadadır, hökumətdən də yetərincə subsidiya ala bilməyən ADY üçün yükdaşıma prioritetdir.
Hələlik sərnişindaşımada ənənəvi daxili marşrutlardan yalnız birini, Bakı –Ağstafanı aktiv istifadə edirlər.
Lakin 5 ildən çoxdur ki aşağıdakı daxili dəmir yol marşrutları işləmir:
Bakı- Yalama
Bakı - Astara
Bakı - Qazax
Bakı - Böyük Kəsik
Bakı - Balakən".
O.Gündüzün sözlərinə görə, ADY rəsmiləri, müntəzəm olaraq sosial mediada qeyd olunan sahələrdəki uğurları qabardıb, adı çəkilən daxili marşrutların bərpası ilə bağlı suallardan yayınırlar. Halbuki qeyd olunan marşrutlar üzrə sərnişindaşımaya tələbat da yetərincədir: "Görəsən bunlar nə zaman istifadəyə veriləcək? Daxili infrastruktur, köhnəlmiş-dağılmış yollar, bərbad gündə olan rayon dəmir yol stansiyaları nə zaman yenilənəcək?
ADY rəhbərinin Avstriyanın Dəmir Yolları qurumunun rəsmilərilə görüşü haqda məlumatı oxuyanda da bir anlıq düşündüm ki, bəlkə hörmətli Rövşən Rüstəmov 5 ildir işləməyən hansısa daxili dəmir yol marşrutumuzu xarici şirkətə icarəyə verməyi müzakirə edib. Baxdım ki, söhbət yenə dəmir yolu ilə insanları daşımaqdan deyil, yükdaşımadan gedib".