Hesablama Palatası Gənclər və İdman Nazirliyində ciddi pozuntular aşkarladı


Gənclər və İdman Nazirliyi tərəfindən dövlət ehtiyaclarının ödənilməsi məqsədilə satınalmaların planları qanunun müəyyən etdiyi müddətlərdə tərtib olunmaqla internet səhifəsində yerləşdirilsə də, 2022 və 2023-cü illərdə dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktının illik satınalma planında satınalınacaq malların adı, həcmi, miqdarı və ölçüsü haqqında məlumatların əks etdirilməsi ilə bağlı tələbi pozulmuş, eləcə də satınalmaların ardıcıllığına, təqvim ili üzrə bölgüsünə riayət edilməmiş, həmçinin nəzərdə tutulmuş metodlardan fərqli metodların tətbiqinə yol verilib.


Bu barədə Hesablama Palatasının Gənclər və İdman Nazirliyində apardığı 2022 və 2023-cü illəri əhatə edən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinin nəticələrinə dair auditor hesabatında qeyd edilib.

Belə ki, 2022-ci ildə ümumilikdə 16 halda planda nəzərdə tutulmuş satınalmalardan 6-sı nəzərdə tutulmuş vaxtdan fərqli vaxtda keçirilmiş, 10-u isə heç keçirilməmişdir. 2023-cü ildə icra və plan arasında fərqlər 95 hal üzrə müşahidə edilmiş, müvafiq olaraq 19 halda keçirilmə vaxtı fərqlənmiş, 76 halda isə ümumiyyətlə keçirilməmişdir. Qeyd edək ki, həmin ildə fərqli vaxtda keçirilən satınalmaların 5-də satınalma metodu da dəyişdirilmişdir. Ümumiyyətlə, satınalmalarla bağlı məlumatların təhlili və toplanmış sübutlar Nazirlik tərəfindən planların əsaslı hazırlanmamasının, ilkin mərhələdə tələbata uyğunlaşdırılmamasının son nəticədə həmin planlarda əhəmiyyətli dəyişiklərə səbəb olduğunu, eləcə də bir mənbədən satınalmaların sayının nəzərəçarpacaq paya malik olmasını qeyd etmək imkanı verir. Bir sıra hallarda fəaliyyətin icra müddətindən çox əvvələ bir mənbədən satınalma keçirilməsi üçün müvafiq müraciətlər əsasında icazələr alınmış, beləliklə də, dövlət satınalmalarında rəqabətli mühitin yaradılması ilə bağlı əsas tələbin pozulmasına şərait yaranmışdır. Vəsaitlərin icrasında ahəngdarlığın təmin edilməməsinin əsas səbəblərindən biri dövlət satınalmalarının əsasən sonuncu rübdə həyata keçirilməsi olmuşdur. Xüsusilə 2023-cü ildə satınalma müqavilələrinin cəmi məbləğinin 66,5%-i 4-cü rübün payına düşmüşdür. Nazirlik tərəfindən bəzi hallarda faktiki tələbatla bağlı müvafiq proqnoz məlumatları düzgün müəyyən edilməmiş, planlaşdırılmış satınalmaların nəzərdə tutulmuş məqsədlərə uyğunluğu, onların zəruriliyinə qoyulan tələblərin müvafiq normalara uyğun əsaslandırılmaması həyata keçirilməmiş, bəzi hallarda zəruri olan ehtiyaclar düzgün müəyyən edilməmişdir. Ehtiyaclarının tələbatdan artıq müəyyənləşdirilməsi, son nəticədə, anbar qalıqlarının formalaşması ilə vəsaitlərin səmərəsiz istifadəsinə şərait yaratmışdır.

Dövlət satınalmalarının təşkili məqsədilə tender komissiyasının hüquqi aktların müəyyən etdiyi tələblərə əməl olunmaqla yaradılması fonunda komissiya tərəfindən müsabiqələrdə iştirak edən iddiaçılarla bağlı tələblərin tam gözlənilməməsi müsabiqələrin baş tutmuş hesab edilməsinə şərait yaratmaqla satınalmaların nəticəliliyinə də təsir göstərmiş, bəzi hallarda bank təminatının həddi ilə bağlı tələbə əməl olunmaması büdcə vəsaitlərinin ilin sonunda geri qaytarılmasından yayınmaq məqsədi daşımışdır. Nazirlik tərəfindən tələbatların hüquqi aktlarla müəyyən edilmiş qaydada satınalma metodları tətbiq edilmədən ödənilməsi hallarına yol verilmiş, bu nöqsanlar qanunvericiliyin müəyyən etdiyi satınalma metodlarının tətbiq olunmaması ilə yanaşı bir neçə səbəbdən də yaranmışdır. Belə ki, bir sıra hallarda Nazirlik tərəfindən razılıq alınması məqsədilə tədbirin baş tutduğu tarixdən sonra müraciət edilmiş, bəzi hallarda isə alınmış razılıq məktubunun tarixi müqavilə tarixindən sonrakı dövrə təsadüf etmişdir. Beləliklə də, göstərilən səbəblərdən Nazirlik tərəfindən 2022-ci il üzrə 141 halda 6529,2 min manat, 2023-cü il üzrə isə 123 halda olmaqla 9807,3 min manat məbləğində vəsaitin satınalma keçirilmədən icra edildiyini vurğulamaq olar. Əlavə olaraq qeyd edək ki, Nazirlik tərəfindən nəzarətin təmin edilməməsi tabelikdə olan olimpiya kompleksləri tərəfindən satınalma keçirilmədən müqavilələrin bağlanılmasına şərait yaratmışdır. Belə ki, 2022-ci ildə 119 halda 5195,6 min manat, 2023-cü ildə isə 120 halda 5392,8 manat məbləğində vəsait müvafiq satınalma metodu tətbiq edilmədən xərc edilmişdir. Toplanmış audit sübutları bəzi hallarda Nazirlik tərəfindən ehtimal olunan qiymətin müvafiq qaydada hesablanmadığını və ya ümumiyyətlə müəyyənləşdirilmədiyini göstərir. 2022-ci ildə 178 halda bir mənbədən satınalma metodu ilə 5203,3 min manat, 2023-cü ildə isə 127 halda 5735,5 min manat məbləğində malların (işlərin və xidmətlərin) satınalınması zamanı ehtimal olunan qiymət hesablanmamış, bəzi hallarda eyni mallar və xidmətlər üzrə fərqli qiymətlər tətbiq olunmuşdur. Qeyd edək ki, xərclər smetasının tədbirin başa çatdığı tarixdən çox sonra olmaqla təsdiq edilməsi də, müəyyən mənada ehtimal olunan qiymətlərin hesablanmadığını vurğulamaq imkanı verir.

Eləcə də auditin əhatə etdiyi illərdə eyni icraçının müəyyənləşməsi fonunda 2022-ci ildə bir mənbədən alınmış müqavilə çərçivəsində 2023-ci ildə açıq tenderlə bağlanmış müqaviləyə nisbətən eyni iş və xidmətlər üzrə daha çox vəsait icra edilmişdir. Nazirlik tərəfindən satınalma müqavilələrinin tərtibi əsasən hüquqi aktların tələblərinə uyğun həyata keçirilsə də, bəzi hallarda müqavilə şərtləri ümumi şəkildə tərtib edilmişdir ki, bu da nəzərdə tutulmuş və satın alınmış malların, işlərin və xidmətlərin uyğunluğunu müəyyən etməyə imkan vermir. Eyni zamanda müqavilələrin icrası olaraq təhvil-təslim aktlarının da tərtib olunmaması bu istiqamətdə qiymətləndirmələri çətinləşdirmişdir. Həmçinin müqavilə şərtlərinə əməl olunmasına nəzarətin təmin edilməməsi bəzi hallarda öhdəliklərin tam icra olunmaması, bəzi hallarda isə müqavilə məbləğindən artıq vəsaitin ödənilməsi ilə nəticələnmişdir. Müqavilə öhdəliklərinə nəzarətin təmin olunmaması nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilməsinə səbəb olmaqla təyinatın dəyişməsi ilə nəticələnmiş, eləcə də, öhdəliklərin tam və vaxtında icra edilməməsi vəsaitlərin icra səviyyəsinin aşağı olmasına, bəzi hallarda vəsaitlərin cari büdcə ilində deyil, növbəti büdcə ilində icra olunmasına şərait yaratmış, qeyd olunanlar dövlət satınalmalarının səmərəliliyi və nəticəliliyi ilə bağlı mənfi riskləri formalaşdırmışdır.

Qeyd edək ki, Nazirlikdə aparılan kənar dövlət maliyyə nəzarət tədbiri ilə 2022-ci ildə 38987,3 min manat, 2023-cü ildə 56833,7 min manat olmaqla ümumilikdə 95821 min manat vəsait əhatə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu