Hepatit C sona çatır? - Alimlər ölümcül virusun sirrini açmağa yaxındırlar
Dünyada milyonlarla insanın əziyyət çəkdiyi Hepatit C virusuna qarşı ümidverici addım atılıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Kopenhagen Universitetinin alimləri virusun hüceyrələri necə yoluxdurduğunu açıqlayıblar. Bu mühüm kəşf xəstəliyə qarşı peyvəndin hazırlanmasına yol aça bilər.
Hepatit C dünya üzrə təxminən 58 milyon insanda xroniki iltihaba səbəb olur və hər il 300 min insanın ölümünə səbəb olur. Mövcud müalicələr virusun yayılmasını dayandırmaq üçün kifayət etməsə də, peyvəndin yaradılması səyləri uzun müddətdir ki, davam edirdi. Ancaq virusun hüceyrəyə necə daxil olduğunu tam başa düşməmək bu prosesdə əsas maneə idi. Kopenhagen Universitetində fənlərarası tədqiqat qrupu bu problemin həllində əhəmiyyətli irəliləyiş əldə edib.
"Biz ilk dəfə olaraq hepatit C virusunun səthindəki hüceyrələrə bağlanmasına imkan verən zülal kompleksini kəşf etdik. Bu, virusun hüceyrəyə necə daxil olduğunu başa düşmək üçün mühüm addımdır", - deyə Kopenhagen Universitetinin dosenti Jannik Prento deyib.
Bu yeni məlumat virusun hüceyrələrə daxil olmasını əngəlləyən bir peyvəndin hazırlanmasına imkan verə bilər. "Bu zülal kompleksinin strukturunu açmaq bizə virusun hüceyrələrə yoluxmasının qarşısını alacaq peyvənd namizədləri hazırlamağa imkan verəcək", - deyə postdoktoral tədqiqatçı Elias Augestad bildirib.
Hepatit C virusunda hüceyrənin bağlanmasını təmin edən zülal kompleksinin quruluşu koronavirusdakı “sünbül zülalı”na bənzəyir. Lakin Hepatit C-də bu zülalların funksiyası fərqli olsa da, virusun hüceyrəyə daxil olma mexanizmi eyni şəkildə işləyir.
Bu tədqiqat Hepatit C virusuna qarşı peyvəndin hazırlanması üçün mühüm əsas yaradır. Elm adamları bu yeni kəşflə immun sisteminin Hepatit C virusunun səthinə bağlanacaq və bununla da virusu zərərsizləşdirəcək anticisimlər istehsal etməsini təmin etməyi hədəfləyirlər.
Jannik Prento bildirib ki, bu zülal komplekslərini laboratoriya mühitində istehsal etmək və tədqiq etmək son dərəcə çətindir: "Lakin bu çətinliyi aradan qaldıraraq, virusun səthindəki zülal strukturunu başa düşə bildik".
Tədqiqat qrupu virusun bu kövrək strukturunun aşkarlanmasının peyvənd hazırlamaq səylərini sürətləndirəcəyini bildirib.
Kopenhagen Universitetinin Sağlamlıq və Tibb Elmləri Fakültəsinin iki şöbəsi ilə birgə aparılan bu araşdırma “Nature” jurnalında dərc olunub.
Araşdırmaya başlayan Jannick Prento və post-doktora tədqiqatçısı Elias Augestad virusun hüceyrəyə daxil olma mexanizmini başa düşmək üçün struktur zülal mütəxəssisləri ilə işləyiblər.
Bu çərçivədə Pontus Gourdon və onun həmkarı Kaituo Uang virusun səthindəki zülalların strukturunun açılmasında mühüm rol oynayıblar.