Gürcüstan prezidenti prokurorluğa çağırılıb
Gürcüstanın Baş Prokurorluğu prezident Salome Zurabişvilini oktyabrın 31-də parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı ifadələrinə görə dindirməyə çağırıb.
AFN.az xəbər verir ki, bu barədə istintaq orqanının açıqlamasında bildirilir.
“Mərkəzi Seçki Komissiyasının və KİV-in yaydığı məlumata görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutları olmalıdır və bu səbəbdən Gürcüstan prezidenti oktyabrın 31-də istintaq orqanına dindirilmək üçün dəvət edilib”, - deyə açıqlamada bildirilir.
Oktyabrın 29-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasının mümkünlüyünü araşdırmaq xahişi ilə Baş Prokurorluğa müraciət edib.
Oktyabrın 26-da Gürcüstanda ilk dəfə elektron seçki qutuları ilə parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,9% səs toplayaraq qalib gəlib və hökuməti fərdi qaydada formalaşdırmaq hüququ əldə edib.