Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi ekipaj səhvi səbəbindən batıb
Yeni Zelandiya hökumətinin apardığı təhqiqat nəticəsində məlum olub ki, ekipajın səhvi donanma gəmisinin Samoa sahillərində qayalıqlara çırpılaraq batmasına səbəb olub.
Milli mətbuatda yer alan xəbərlərə görə, oktyabr ayında Samoa sahillərində kəşfiyyat işləri apararkən Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinə məxsus "HMNZS Manawanui" hidroqrafik tədqiqat gəmisinin batması ilə bağlı araşdırmanın ilkin nəticələri ictimaiyyətə təqdim edilib.
İstintaqı aparan hərbi məhkəmənin ilkin qənaətinə görə, qəzanın ekipajın avtomatik pilotda olduğunu anlamaması və quruya doğru hərəkət edən gəmiyə müdaxiləni gecikdirməsi nəticəsində baş verdiyi müəyyən edilib.
Xatırladaq ki, Yeni Zelandiya donanmasına aid tədqiqat gəmisi oktyabrın 5-də Samoanın cənubundakı Upolu şəhəri yaxınlığındakı qayalara çırpılarkən alovlanıb və batıb. Gəmidəki 75 ekipaj üzvünün hamısı təhlükəsiz şəkildə təxliyə edilib.
Qeyd edək ki, Yeni Zelandiya donanmasının 9 gəmisindən biri olan "HMNZS Manawanui" ölkənin İkinci Dünya Müharibəsindən sonra batan ilk gəmisi olub.