Argentina yetkinlik yaşına çatmayanlara cins dəyişdirmə əməliyyatını qadağan edir
Argentina hökuməti yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə əməliyyatı və terapiyanı uşaq istismarını təşkil edən bir təcrübə kimi qadağan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Mileyin ofisinin dərc etdiyi bəyanatda deyilir.
"Prezident Xavyer Miley yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi əməliyyatını və terapiyasını qadağan etmək qərarına gəlib. Zorla və ya psixoloji məcburiyyət yolu ilə uşaqlara tətbiq edilən gender ideologiyası, əslində, uşaq istismarıdır" - deyə bəyanatda bildirilir.
Sənəddə qeyd edilir ki, yetkinlik yaşına çatmayanlar bir çox hallarda sağlam orqanlara ziyan vuran və sonsuzluğa, ürək-damar xəstəliklərinə və psixi sağlamlıq üçün fəlakətli nəticələrə səbəb ola biləcək geri dönməz proseslərlə bağlı qərarlar qəbul etmək üçün lazım olan koqnitiv yetkinliyə malik deyillər: "Buna görə də, Böyük Britaniya, İsveç, Finlandiya və son zamanlar ABŞ kimi uşaqlarda cinsiyyətin dəyişdirilməsi sahəsində qabaqcıl olan ölkələr indi geri çəkilir və yetkinlik yaşına çatmayanların bu prosedurlardan keçməsini qadağan edirlər".
Ölkədə yetkinlik yaşına çatmayanlar arasında cinsiyyətin dəyişdirilməsini qadağan etməklə yanaşı, həbsxanaların cinayətin törədildiyi zaman qeydə alınmış cinsinə görə ayrılacağına da qərar verilib.