İsveç sualtı kabelin mümkün yeni zədələrini araşdırır

İsveçin baş naziri Ulf Kristersson Baltik dənizində sualtı kabelin yeni zədələnməsi barədə məlumatı təsdiqləyib. O bildirib ki, yerli hakimiyyət orqanları hadisəni araşdırır.
Bundan əvvəl isə İsveç radiosu Baltik dənizində Qotland adasının yaxınlığında sualtı kabelin mümkün zədələnməsi barədə məlumat vermişdi. Bunu Krallığın Sahil Mühafizəsi də təsdiqləyib, ölkənin silahlı qüvvələri də mümkün fövqəladə vəziyyətdən xəbərdardır və prokurorluq ilkin araşdırmaya başlayıb.
"Mən artıq Baltik dənizində mümkün yeni kabel zədələnməsi barədə məlumatlıyam. Hadisəni araşdıran müvafiq qurumlar mütəmadi olaraq hökuməti məlumatlandırır", - deyə baş nazir X hesabında yazıb.
O əlavə edib ki, ölkə hakimiyyəti Baltik dənizində infrastruktur obyektlərinə dəyən hər hansı ziyanı ciddi qəbul edir. Kabelin zədələnməsi təsdiqlənərsə, bu, son aylarda Baltik dənizində baş verən ilk belə hadisə olmayacaq. NATO ölkələri dənizdə və onun hava məkanında müdaxilə ilə bağlı əlavə patrul əməliyyatına başlayıblar.